"İki ölkə arasında strateji xətt formalaşır" - POLİTOLOQ

20 Aprel 2026 10:46 (UTC+04:00)

"Aleksandar Vuçiçin 19 aprel tarixli zəngi Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir. Bu əlaqələrdə iki mühüm xətt diqqəti cəlb edir: birincisi, siyasi etimadın möhkəmlənməsi, ikincisi isə iqtisadi və enerji əməkdaşlığının genişlənməsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Serbiya Avropada Azərbaycanın balanslı siyasətini anlayan və dəstəkləyən ölkələrdən biridir: "Xüsusən Qarabağ müharibəsindən sonra Bakının regional güc statusu Belqrad üçün yeni imkanlar açıb. Serbiya Azərbaycanın enerji resurslarına, tranzit imkanlarına və Cənubi Qafqazdakı sabitləşdirici roluna strateji baxışla yanaşır. Azərbaycan isə Serbiyanı Balkanlarda etibarlı tərəfdaş, Avropa ilə münasibətlərdə körpü ölkə kimi görür.

Vuçiçin zəngi həm də iki lider arasında şəxsi ünsiyyətin intensivliyini göstərir. Bu, diplomatik protokolun tələbi deyil, qarşılıqlı etimadın və siyasi koordinasiyanın göstəricisidir. Belə bir dialoq həm ikitərəfli layihələrin, həm də beynəlxalq təşkilatlarda koordinasiyanın güclənməsinə xidmət edir.

Azərbaycan-Serbiya münasibətləri artıq sadəcə dostluq ritorikasından ibarət deyil. Bu, qarşılıqlı maraqlara söykənən, regional və qlobal siyasətdə hər iki ölkənin mövqelərini gücləndirən strateji tərəfdaşlıqdır. Vuçiçin zəngi bu tərəfdaşlığın davamlılığını təsdiqləyən siyasi jestdir".