“Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılması zəruri görünür” - ŞƏRH EDİLDİ

17 Aprel 2026 17:02 (UTC+04:00)

“Hazırda Rusiya-Azərbaycan münasibətlərini müvəqqəti buzlaşmış mərhələdən çıxış prosesi kimi qiymətləndirmək olar. Məlum hadisələrdən sonra Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqlaşma müşahidə olunurdu. Sözügedən hadisə — Azərbaycanın təyyarəsinin vurulması və Azərbaycan diasporunun nümayəndələrinə qarşı Rusiyada atılan addımlar münasibətləri xeyli dərəcədə gərginləşdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Putin ilə görüşündən sonra müəyyən ümidlər yaranmışdı ki, münasibətlər yenidən istiləşməyə başlayacaq:

“Lakin bu hadisədən iki ay sonra, 2025-ci ilin dekabrında Rusiya İstintaq Komitəsi qəfil şəkildə Azərbaycanın təyyarəsinin vurulması ilə bağlı qaldırılmış cinayət işinə xitam verdi. Heç bir aydınlıq olmadan, cinayətin təqsirkarları müəyyən edilmədən və onlara qarşı konkret hüquqi tədbirlər görülmədən işə xitam verilməsi Azərbaycanda haqlı suallar doğurdu və münasibətlərin yenidən gərginləşməsinə səbəb oldu.

Bununla belə, son günlər Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin birgə bəyanatı münasibətlərdə yeni bir yumşalma mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, tərəflər Azərbaycanın təyyarəsinin vurulması ilə bağlı bütün şübhəli məqamlara aydınlıq gətirildiyini bildirdilər. Eyni zamanda qeyd etdilər ki, bu hadisə ilə bağlı tərəflər üçün qaranlıq qalan məsələ yoxdur.

Əlbəttə, bütün məsələlərin tam şəkildə aydınlaşdığını iddia etmək çətindir. Çünki bu hadisənin arxasında dayanan səbəblər, xüsusilə də təyyarənin vurulmasının təsadüfi olub-olmaması və məsul şəxslərin cəzalandırılıb-cəzalandırılmaması hələ də tam bəlli deyil. Bu baxımdan, təyyarə məsələsi ilə bağlı bütün problemlərin həll olunduğunu demək hələ tezdir.

Buna baxmayaraq, Azərbaycan və Rusiya rəhbərliyi bu hadisəni artıq keçmişdə qalmış bir məsələ kimi qiymətləndirərək, münasibətlərin yeni mərhələyə keçidinin əsasını qoymuşdur. Xüsusilə də hazırkı dövrdə — dünyada köhnə nizamın dəyişdiyi və yeni dünya nizamının formalaşdığı bir vaxtda — region dövlətləri arasında münasibətlərin yaxşı olması daha məntiqli görünür. Azərbaycan da məhz bu yanaşmadan çıxış edir.

Eyni zamanda, bölgədə dövlətlər arasında balansın qorunması, yaxın qonşuluqda baş verən gərgin proseslərin Azərbaycan və digər region ölkələri üçün dağıdıcı təsirlər yaratmaması baxımından Rusiya ilə münasibətlərin normallaşdırılması məqsədəuyğun hesab olunur.

Bundan əlavə, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin daha da dərinləşdirilməsi üçün Rusiyanın müəyyən dərəcədə dəstəyi vacib amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə Zəngəzur dəhlizinin açılması kimi məsələlərdə Azərbaycanın, Ermənistanın və digər tərəflərin atdığı addımların Rusiyasız daha sürətlə irəliləməsi ehtimalı zəifdir. Bu baxımdan, bölgədə yaranmış yeni imkanların tam reallaşdırılması üçün Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılması zəruri görünür.

Son günlərdə Zəngilanda Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən forum da sosial, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndiyini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər son gərginliklərdən sonra yenidən istiləşmə mərhələsinə qədəm qoyur”.