“Bu, diqqətin növbəti dəfə Azərbaycana yönəlməsinə səbəb olacaq” - ŞƏRH EDİLDİ

17 Aprel 2026 16:10 (UTC+04:00)

“Parlament şəbəkəsinin özü də Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Azərbaycanın Qoşulmama Hərəkatında 4 illik rəhbərliyi dövründə həm parlament şəbəkəsi, həm də qadınlar qolu yaradıldı və çox aktiv şəkildə fəaliyyət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, şəbəkənin qərargahının Bakıda yerləşməsi Qoşulmama Hərəkatının diqqətinin növbəti dəfə Azərbaycana yönəlməsinə səbəb olacaq:

“Hərəkatın hal-hazırda 121 üzvü, 18 müşahidəçisi və eyni zamanda 11 beynəlxalq təşkilatı müşahidəçi statusundadır. Yəni, prinsip etibarilə 139 ölkənin parlamentarilərinin vaxtaşırı Bakıya gəlməsi və ya Bakıdan onların fəaliyyətinin əlaqələndirilməsi həm Azərbaycan təcrübəsinin yayılmasına, həm də inkişaf etmiş ölkələrin parlament təcrübəsinin Azərbaycan tərəfindən öyrənilməsinə şərait yaradacaq.

Digər tərəfdən, Qoşulmama Hərəkatının diqqəti yenidən Azərbaycana yönəldi. Beləliklə, Azərbaycan yenidən dünyanın demək olar ki, yarısının problemlərinin həllinə və dövlətçilik təcrübəsinin bölüşdürülməsinə dair təşəbbüskar kimi çıxış edir”.