...Ukraynaya qarşı müharibə fonunda Rusiyanın mövqeyi tədricən zəifləyir və ölkənin iqtisadi vəziyyəti pisləşir. Bu, Britaniyanın keçmiş müdafiə naziri Liam Foksun Avropa ölkələrini Moskvaya təzyiqi artırmağa çağıraraq gəldiyi nəticədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır.
Onun qiymətləndirməsində Kremlin əsas hesablamaları özünü doğrultmadı.
Rusiya Avropada parçalanma və Ukraynaya dəstəyin zəifləyəcəyini gözləyirdi. Lakin Aİ sərt mövqe tutur və Macarıstanda hökumət dəyişikliyi də daxil olmaqla siyasi dəyişikliklər anti-Rusiya narrativini daha da gücləndirə bilər.
...2023-2024-cü illərdə artım göstərən Rusiya iqtisadiyyatı hərbi xərclərdən çox asılı idi. İndi artım kəskin şəkildə yavaşlayır: Beynəlxalq Valyuta Fondu 2025-ci ildə ÜDM-in yalnız 0,6 faiz, 2026-cı ildə isə təxminən 1 faiz artımını proqnozlaşdırır.
Ölkənin büdcəsi ciddi təzyiq altındadır. Kəsir ÜDM-in təxminən 3 faizinə çatıb və Milli Rifah Fondunun ehtiyatlarının əhəmiyyətli bir hissəsi artıq tükənib.
Mərkəzi Bank yüksək 21 faiz əsas faiz dərəcəsini saxlayır ki, bu da investisiya və istehlakı ləngidir.
Neft gəlirlərinin azalması ciddi zərbə olub. Sanksiyalar səbəbindən Rusiya nefti əhəmiyyətli dərəcədə endirimlə satılır və Rosneft də daxil olmaqla, böyük şirkətlərin mənfəəti kəskin şəkildə azalıb.
Buna cavab olaraq, hakimiyyət vergiləri artırır, müharibənin xərclərini əhalinin üzərinə qoyur.
Hərbi xərclər ÜDM-in 7 faizdən çoxuna çatıb və büdcənin 40 faizdən çoxunu təşkil edir.
Vergi gəlirlərinin yarısına qədərinin müharibənin maliyyələşdirilməsinə sərf olunduğu təxmin edilir.
Bu fonda Avropada Rusiyanın “kölgə donanmasına” qarşı tədbirlər də daxil olmaqla, sanksiyaların daha da sərtləşdirilməsi çağırışları artır.
Ekspertlər hesab edirlər ki, hazırkı an Kremlə təzyiqin artması və münaqişənin gedişatını dəyişdirmək üçün həlledici ola bilər.
Əli Babayev