Şikayət: Evə qaz çəkdirmək üçün xeyli sənəd, aylarla vaxt və minlərlə manat xərc tələb olunur
Evlərə qaz xəttinin çəkilişi ilə bağlı şikayətlər getdikcə artır. Vətəndaşlar qeyd edirlər ki, adi təbii qaz təminatı almaq üçün uzun aylar davam edən bürokratik süründürməçiliyə və xeyli məbləğdə xərclərə məruz qalırlar. Bu da aztəminatlı əhalinin qaz təminatından istifadə etmək hüququnu məhdudlaşdırır. Bununla bağlı redaksiyamıza son vaxtlar xeyli şikayət daxil olub. Onlardan biri əsasında bu məsələni araşdırmağa çalışdıq.
“Azəriqaz satacağı qazın çəkiliş xərcini vətəndaşa yükləyir”
“Evə qaz çəkilməsi həddən artıq bürokratik və xərcli bir işə çevrilib. Əvvəlcə “Asan kommunal”dan qeydiyyatdan keçmək tələb olunur, buna da 161 manat ödəniş edilir. Oradan kod verilir. Sonra 20 iş günü ərzində sənə Azəriqazdan zəng edirlər və deyirlər ki, gəlib layihəni çəkməliyik. Evin texpasportunu və digər sənədlərini, həmçinin evin video çəkilişini götürürlər. 10 gün sonra deyirlər ki, sizin layihəniz təsdiq olundu və layihəni verirlər sənə. Lahiyədə evin içindəki girişlər, çıxışlar hamısı göstərilir. Sən də sayğacdan sonrakı hissənin hamısını özün çəkdirməlisən. Sonra onu da gəlib yoxlayırlar və deyirlər ki, podratçı şirkət gəlib sayğaca qədər hissəni çəkəcək. 5-6 gün də belə keçir. Qısası 20 gün ərzində olmalı olan iş 60 gün çəkir.
Nə ola ki, podratçı şirkət qazın çəkilişi zamanı layihədəkindən acazıq fərqli edə. Üstəlik, Azəriqaz deyir ki, yox, mən rəy verə bilmərəm. Azəriqaz özü çəkməli oldu qaz xəttini deyir plastmas boru ilə çək. Onu çəkdirirsən, sonra gəlib deyir yox, biz bayırdan 76 mm-lik boru ilə çəkmişik, sən də elə etməlisən. Harda görünüb ki, qaz xəttindəki sonuncu abonent 76-lıq boru ilə qaz çəkilə? Əlavə xırdalıqlar tapırlar, hamısına əlavə usta və material xərcləri gedir. Bunlar da çəkiliş xərci alırlar, sonra sayğaca görə pul alırlar və s. Nəticədə evə qaz çəkdirmək xərci 1000 manatı keçir, bəzən isə 2-3 min manat təşkil edir. Bu qədər bürokratik maneə və xərc vətəndaşa niyə yüklənir? Azəriqaz öz çəkməli olduğu hissəni belə belə abonentlərə tamamlatdırır, sonra isə həmin boru xəttini özləri çəkmiş kimi oformut edirlər”.
İmkansız təbəqə qaz çəkilməsi xərcini ödəyə bilmir
Qəribədir, adi bir evə qaz xətti verilməsi üçün bu qədər sənədləşdirmə, vaxt və xərc nəyə lazımdır? Əslində məsələ çox sadədir. Küçədəki qaz borusundan evə qaz xətti verirsən sayğac qoyursan, evdə qaz xəttinin və cihazların srandarta uyğun olduğuna baxırsan vəssalam. Bütün bu proses maksimum 3 gün çəkməlidir və cəmir 100-200 manatla həll ola bilər. Yəni, məntiqlə sayğaca qədər qaz xəttini Azəriqaz çəkməlidir, sayğacdan sonra isə abonent evin daxilinə qaz xəti çəkir. Bunun da xərci 100, maksimum 200 manat ola bilər. Lakin, qeyd edildiyi kimi hazırda vətəndaşlar bunun üçün aylarla əziyyət çəkir, neçə min manat xərcə düşür, üstəlik bürokratik sənədləşdirmədə süründürülür.
Azəriqaz-ın rəsmi saytında bu prosesin necə olmalı olduğu belə göstərilir.
“Fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, “Azəriqaz” İB-nin yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur.
Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda isə layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir.
.jpg)
Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və podratçı tərəfindən küçə qaz xətti çəkilməli, “Azəriqaz” İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir”.
Beləliklə, aydın olur ki, qaz çəkilişi ancaq imkanlı vətəndaşlar üçündür, aztəminatlı əhalinin təbii qazdan istifadə imkanı yoxdur. Adi bir qaz borusunun 10-15 metr məsafədən çəkilərək evə qaz verilməsi üçün vətəndaş niyə 1000-2000 manat xərc çəkməli və aylarla bürokratik süründürməçiliyə məruz qalmalıdır?
Evə qazın çəkilməsi üçün azı 10 sənəd tələb olunur
İndi isə bu proses üçün lazım olan sənədlərin siyahısına baxaq;
- Ərizə;
- Sifarişçinin şəxsiyyət vəsiqəsi;
- Tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd:
- Tikintiyə aid çıxarış (texniki pasportla birlikdə);
- Qeydiyyat vəsiqəsi (texniki pasportla birlikdə);
- Notariat qaydasında təsdiq edilmiş icarə, alqı-satqı müqaviləsi, bağışlama (mülkiyyət sənədinin surəti və texniki pasportla birlikdə);
- Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması barədə Daşınmaz əmlakın dövlət reyestrindən arayış;
- Azərbaycan Respublikasının sonuncu Mənzil Məcəlləsi qanuni qüvvəyə minənədək verilmiş order;
- İcra hakimiyyəti orqanının sərəncamı;
- Torpaq sahəsinin icarə, istifadə hüququna dair Dövlət Aktı, şəhadətnamə, çıxarış və ya müqavilə (torpaq sahəsinə aid plan və ölçü ilə birlikdə).
Qazpaylayıcı şəbəkəyə texnoloji və fiziki qoşulma xidmətlərinə görə ödənişin məbləğləri Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğinin hesablanmasına dair metodologiya”ya və Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Əlavəyə əsasən müəyyən edilir:
Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə ümumi qaz sərfiyyatı 10 m3/saat olan düz xətt üzrə 100 metr məsafədə yerləşən məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması - 1 qoşulma üçün 271 manat;
Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən və ya qaz qurğuları 100 metr məsafədə yerləşməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması - 1 qoşulma üçün 160 manat.
Proses 15 iş günü müddətində yekunlaşmalıdır. Lakin reallıqda bu proses aylarla çəkir.
Göründüyü kimi, aztəminatlı əhalinin ən adi hüququ olan kommunal xidmətlərdən isrtifadə hüququ kobud pozulur. Bu qədər mürəkkəb, uzun, xərcli bir prosesi adi vətəndaşlar edə bilmir. Ona görə də bu məsələlərə yenidən baxılmalı və proses sadələşdirilməli, xərclər vətəndaşın boynuna qoyulmamalıdır. Məntiqlə, Azəriqaz məhsulunu satmaq üçün onu vətəndaşa təhvil verməlidir. Deməli onu abonentin evinə qədər çəkməli və sayğacı da quraşdırıb istifadə olunan qazın pulunu almalıdır. Bunun üçün cəmi 3 gün vaxt, 2-3 sənəd və abonet tərəfindən 100-200 manat xərc kifayət etməlidir. Reallıqda isə aylarla vaxt, minlərlə manat xərc və 10-dan artıq sənəd tələb olunur. Çoxsaylı şikayətləri və problemləri nəzərə alıb bu məsələnin ciddi şəkildə həll olunması vacibdir.
Qeyd edək ki, mövzu ilə bağlı Azəriqazdan münasibət öyrənməyə cəhd etsək ki, suallarımıza cavab verilmədi. Azəriqazın mövqeyini dərc etməyə hazırıq.
Samir Qarayev