Yeniyetməni qatilə çevirən səbəb nədir? -PSİXOLOQ DANIŞDI

17 Aprel 2026 16:18 (UTC+04:00)

“Psixologiya və pedaqogika elmlərində qəbul olunmuş yanaşmaya əsasən, yeniyetməlik dövrü insanın psixi inkişafında ən mürəkkəb və ziddiyyətli mərhələlərdən biri hesab edilir.”

Bu sözləri SİA -ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, bu mərhələdə davranışlarda böhran halları, özünəinamın zəifləməsi, şəxsiyyətin formalaşması prosesi ilə paralel olaraq özünü cəmiyyətə təqdim etmək və təsdiqləmək ehtiyacı daha qabarıq şəkildə ortaya çıxır:

“Təəssüf ki, bir çox hallarda valideynlər və pedaqoqlar bu prosesi ya düzgün dəyərləndirmir, ya da ona kifayət qədər diqqət ayırmırlar. Yeniyetmədən yalnız “oxumaq”, “sakit davranmaq” və müəyyən tələbləri yerinə yetirmək gözlənilir, lakin onun daxili psixoloji vəziyyətində baş verən gərginliklər çox vaxt nəzərə alınmır.

Yeniyetmələrdə müşahidə olunan impulsivlik, emosional dəyişkənlik, bəzən özünəqapanma və ya aqressiv davranışlar əksər hallarda ailədaxili konfliktlərlə sıx bağlı olur. Xüsusilə gərgin və nevrotik mühitdə böyüyən uşaqlarda psixoloji balanssızlıq daha aydın şəkildə özünü göstərir. Belə mühitdə formalaşan yeniyetmələrdə yanlış davranış modellərinə meyl, riskli davranışlar və hətta sosial normalardan kənara çıxma ehtimalı arta bilər.

Cəmiyyətin əsas problemlərindən biri də yeniyetmələrin daxili dünyasının dərindən araşdırılmadan, onların davranışlarının tələsik şəkildə qiymətləndirilməsidir. Halbuki bu dövrdə həm fiziki, həm də psixoloji inkişaf paralel şəkildə gedir və üzərlərinə qoyulan sosial və akademik tələblərlə tez-tez ziddiyyət təşkil edir. Bu uyğunsuzluq isə emosional gərginlik və daxili konfliktlər yaradır.

Cinayət və aqressiv davranışların arxasında adətən bir neçə faktor dayanır: ailə mühitində gərginlik, emosional diqqət çatışmazlığı, özünü təsdiq etməyin yanlış yolları, qarşılanmayan istək və maraqlar. Yeniyetmələr bəzən özlərini izlədikləri obrazlarla eyniləşdirir və bu təsirləri real həyatda təkrarlamağa çalışırlar. Daxildə yığılan aqressiya isə düzgün yönləndirilmədikdə fərqli və zəif hədəflərə yönələ bilər.

Eyni zamanda, cəzalandırma mexanizmlərinin qeyri-ardıcıl olması yeniyetmələrdə məsuliyyət hissinin formalaşmasını çətinləşdirir və davranış sərhədlərini qeyri-müəyyən edir. Yeniyetməlik dövründə özünü göstərmək və təsdiqləmək ehtiyacı güclü psixoloji motivasiya rolunu oynayır, lakin bu ehtiyac düzgün istiqamətləndirilmədikdə riskli davranışlara səbəb ola bilər.

Bu baxımdan ailə və məktəb mühiti xüsusi əhəmiyyət daşıyır. Konfliktli ailə şəraitində böyüyən uşaqlarda sağlam psixoloji inkişafın formalaşması çətinləşir və onlar çox vaxt yaşadıqları problemlərə görə özlərini günahlandırırlar. Bu isə daxili gərginliyi və aqressiyanı daha da artırır. Buna görə də valideynlər, müəllimlər və sosial çevrə yeniyetmələrlə daha açıq, anlayışlı və etibarlı ünsiyyət qurmalıdır.

Müasir dövrdə gənclər informasiya axınının çox olduğu bir mühitdə yaşayırlar. Belə şəraitdə onlara yalnız akademik uğur prizmasından yanaşmaq kifayət deyil. Yeniyetmənin psixoloji ehtiyaclarını anlamaq, onu dinləmək və düzgün istiqamətləndirmək həm fərdin inkişafı, həm də cəmiyyətin sağlam gələcəyi üçün mühüm şərtdir”.