İnsanlar münasibətlərini bitirdikdən sonra niyə qisas almağa çalışırlar? - PSİXOLOQ DANIŞDI

17 Aprel 2026 15:43 (UTC+04:00)

Ayrılıq insan həyatında emosional cəhətdən ən çətin mərhələlərdən biridir və hər kəs bu prosesi fərqli şəkildə yaşayır. Bəziləri münasibəti sakit və anlayışla bitirməyə çalışsa da, digərləri inciklik və qəzəb hissləri ilə hərəkət edir. Bu emosiyalar bəzən sosial şəbəkələrdə paylaşımlar, bəzən isə aqressiv davranışlar şəklində özünü göstərir. Maraqlıdır, insanlar belə vəziyyətdə necə davranar?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, ayrılan insanların aqressiv olması çox yayılmış bir reaksiyadır:

"Biz bunu artıq sosial şəbəkələrdə, WhatsApp statuslarında – bir-birilərinə atmacalar şəklində rahatlıqla görə bilirik. Bu, sadəcə psixoloji hal deyil, daha çox daxili emosiyaların nəticəsidir. İnsan daxili emosiyaları ilə qarşılaşdığı zaman emosional ağrı və itkini o qədər dərindən hiss edir ki, hissi empatiya ilə bunu sanki gündəlik olaraq özündə təkrar yaradır. Belə halda ayrılıq beyində real bir itki kimi qəbul olunmağa başlayır. Çünki insan təkcə qarşı tərəfi yox, birlikdə yaşanan xatirələri də yada salır. Bəzən yaxşı şeylər yada düşür: “Mən ona bu yaxşılığı etmişdim, o da mənə etmişdi. İndi nə oldu ki, bu vəziyyətə gəldik". Bu isə müəyyən yaş mərhələlərində insanların inkarını, qəzəbini, kədərini və itki hissini birbaşa üzə çıxarır. Yəni bu, həmin anın emosional reaksiyasıdır və qəzəbin nəticəsi olaraq ortaya çıxır. Nəticədə insan sosial şəbəkələrdə bu cür davranışlar sərgiləməyə başlayır.

Əsas səbəblərdən biri insanın öz dəyərinin zədələnməsidir. İnsan dəyəri zədələndikdə ilk reaksiyası belə olur: “Heyf mənə, gör başıma nələr gəldi.” Daha sonra nəzarəti itirmə hissi yaranır. Münasibətdə müəyyən bir kontrol hissi olur və ayrılıq zamanı bu itir. Bəzi insanlar bunu geri qaytarmaq üçün dava-dalaş, qışqırıq kimi davranışlara əl atırlar.

Digər səbəb isə daxilində yığılan incikliklərdir. İnsan bunları yavaş-yavaş toplayır, sanki damcı-damcı yığılan su kimi. Bu yığılan narazılıqlar bir anda partlayır və deyilməmiş sözlər aqressiya ilə üzə çıxır. Buna görə də ayrılıq dövründə mübahisələr daha da artır.

Digər tərəfdən, qısqanclıq və sahiblənmə hissi də rol oynayır. Bəzi insanlar qarşı tərəfi özlərinin bir hissəsi kimi gördüyü üçün ayrılıqdan sonra sanki özlərindən bir parçanı itirmiş kimi hiss edirlər. Bu da aqressiv davranışlara səbəb olur. Yəni emosiyaları idarə etmə bacarığının zəifləməsi bu vəziyyətləri daha da kəskinləşdirir.

Bəs ümumilikdə necə davranmalıyıq? İlk olaraq, aqressiyanın normal bir hiss ola biləcəyini qəbul etmək lazımdır. Özümüzdən soruşmalıyıq: “Mən niyə bu vəziyyətdəyəm?” Bu hissləri içimizdə boğmağa çalışmaq əvəzinə, onları anlamağa çalışmalıyıq. Qarşı tərəflə bağlı xatirələri, xüsusilə ortaq bağları (məsələn, övlad varsa) nəzərə alaraq daha düşünülmüş davranmaq mümkündür. Bəzən biz davranışlarımızı “ayıbdır” düşüncəsi ilə məhdudlaşdırırıq, amma əslində bu, emosiyalarımızı tərbiyə etməyə kömək edir. Ayrılıq baş veribsə, bunu sakit və mədəni şəkildə qəbul etmək daha sağlamdır. Heç olmasa, bir-birimizi görəndə salam verə biləcək qədər hörməti qorumaq lazımdır".