Universitetlər niyə bazarın tələbinə uyğun kadr yetişdirə bilmir? - EKSPERT AÇIQLADI

17 Aprel 2026 15:39 (UTC+04:00)

Son illər əmək bazarında diqqət çəkən əsas məsələlərdən biri məhz budur: universitetlər daha çox məzun yetişdirsə də, iş imkanları eyni sürətlə artmır. Nəticədə “diplom kifayətdirmi?” sualı getdikcə daha çox gündəmə gəlir. Bu balanssızlıq fonunda isə əsas müzakirə mövzusu budur vəziyyəti hansı yanaşma ilə tənzimləmək mümkündür? Məzunların iş tapa bilməməsinin əsas səbəbi nədir? Universitetlər bazarın tələbinə uyğun kadr yetişdirə bilirmi?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda qəbul sayının artması ilə bağlı hər il müəyyən artımlar müşahidə olunur:

“Artıq Azərbaycanda qəbul olunanların sayı 70.000 nəfərə çatır. Ancaq baxaq görək, əmək bazarında məzunlar üçün hansı imkanlar və şəraitlər var? Və yaxud da bizim məzunlarımız bu standarta cavab verirmi? Əlbəttə ki, “hamısı cavab vermir” demək düzgün olmaz, amma ümumilikdə cavab vermir. Məsələn, bizim ali təhsil müəssisələrində laboratoriyalar hələ 70-ci illərin səviyyəsindədir. Xüsusilə özəl ali təhsil müəssisələrinin bir çoxu sadəcə auditoriyalardan ibarətdir. Bəzilərində köhnədən qalma kimya, biologiya və fizika laboratoriyaları var ki, bu da əmək bazarı üçün hazırlanacaq kadrlar üçün kifayət etmir.

Digər bir problem isə odur ki, Azərbaycanda fəaliyyət göstərən böyük sənaye müəssisələri, fabrik və zavodlar universitetlərlə rəsmi əməkdaşlıq müqavilələri bağlamırlar ki, onlar üçün konkret sahələr üzrə məzunlar yetişdirilsin. Ona görə də universitetlər bir növ yalnız tələbələri qəbul edib təhsili başa vurduqdan sonra diplom təqdim etməklə kifayətlənirlər.

Azərbaycanda bir neçə universitetdə ikili diplom proqramları mövcuddur. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti bu istiqamətdə müəyyən addımlar atıblar. İkili diplom proqramları olan universitetlər əmək bazarında özlərini daha yaxşı sübut edə bilirlər. Bu proqramlar çərçivəsində tələbələr xaricdə təcrübə qazanır və daha peşəkar mütəxəssis kimi geri qayıdırlar. Dediyim kimi, Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər, fabrik və zavodlar universitetlər qarşısında konkret tələblər qoysa və əmək bazarı üçün lazım olan kadrların hazırlanmasında iştirak etsələr, əvvəlcədən tələbələri seçib onlara təqaüd verməklə də onları həvəsləndirə bilərlər”.