İndoneziyanın Qərbi Kalimantan əyalətinə bağlı Sekadau bölgəsində “Airbus H130” tipli helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfərin həyatını itirdiyi bildirilir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Jakarta Globe” qəzetinin məlumatına görə, pilot və köməkçi pilotla birlikdə 6 sərnişini daşıyan helikopter dünən yerli vaxtla saat 07:34-də Melawi bölgəsindən havaya qalxıb.
Uçuşdan sonra saat 08:39-da helikopterlə əlaqə kəsilib və “Airbus H130” modelli hava vasitəsinin itdiyi elan olunub.
Axtarış-xilasetmə qrupları helikopteri Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində çətin keçilən bir ərazidə tapıb. Rəsmilər helikopterdə olan 8 nəfərin hamısının öldüyünü təsdiqləyiblər.
Qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.