"Azərbaycan və Türkiyə bu gün təkcə müttəfiq deyil, eyni geosiyasi xətt üzrə hərəkət edən iki aktordur".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2).jpg)
Onun sözlərinə görə,reallıq budur ki, Bakı-Ankara tandemi Cənubi Qafqazdan Yaxın Şərqə qədər uzanan geniş bir təsir zonası formalaşdırır: "Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi əməkdaşlıq artıq bu ittifaqı regionun əsas sabitləşdirici güclərindən birinə çevirib.
Antalyada cənab Prezidentin Suriyanın keçid dövrü rəhbəri ilə görüşü isə xüsusi diqqət çəkir. Bu addım göstərir ki, Azərbaycan artıq yalnız Qafqaz çərçivəsində düşünmür, eyni zamanda Yaxın Şərqdə də diplomatik oyunçu kimi mövqeyini gücləndirir. Bu isə həm siyasi nüfuzun genişlənməsi, həm də gələcək iqtisadi və təhlükəsizlik layihələri üçün mühüm zəmin yaradır.
Açığı, bu cür aktiv diplomatiya təsadüfi deyil. Azərbaycan son illərdə qazandığı hərbi-siyasi üstünlüyü düzgün şəkildə siyasi və iqtisadi kapitala çevirir. Bu gün regionda söz sahibi olan ölkələrdən biri məhz Azərbaycandır. Türkiyə ilə bu səviyyədə sinxron hərəkət isə Bakının mövqeyini daha da gücləndirir.
Nəticə sadədir: Azərbaycan artıq hadisələrə reaksiya verən dövlət deyil, əksinə, hadisələri formalaşdıran dövlətdir. Bu isə onu regionda yalnız iştirakçı deyil, həm də əsas oyun qurucularından birinə çevirir".