Əlilliyi olan 30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Aprel 2026 12:42 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-mart ayları ərzində əlilliyi olan 30,2 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 15,2 mininə ambulator, 7,5 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.