“Qızılın ucuzlaşması əsasən bir neçə mühüm makroiqtisadi amillə əlaqələndirilir. Ümumiyyətlə, qızılın qiyməti düzxətli deyil, dalğavari şəkildə dəyişir və uzunmüddətli perspektivdə artım istiqamətində hərəkət etməyə meyillidir”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, əsas səbəblərdən biri ABŞ dollarının möhkəmlənməsi və ABŞ-da faiz dərəcələrinin yüksək səviyyədə qalmasıdır:
”Faizlər yüksəldikcə investorlar gəlir gətirən alətlərə – məsələn, istiqrazlara daha çox üstünlük verir və bu da qızıla olan marağın azalmasına səbəb olur.
Digər tərəfdən, əvvəlki dövrdə qızılın sürətli bahalaşması nəticəsində bir çox investor qazancını reallaşdıraraq satışa çıxır. Bu isə bazarda təklifin artmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Eyni zamanda, iri investisiya fondlarının və qısamüddətli treyderlərin mövqelərini bağlaması da bu prosesə təsir göstərir.
Geosiyasi gərginliklər , məsələn, Yaxın Şərqdə və ya ABŞ-la İran arasında baş verən hadisələr ,qızıl üçün müəyyən dəstək yaratsa da, dolların güclənməsi və bazarlarda risk iştahasının dəyişməsi bu təsiri zəiflədə bilir. Nəticədə bazar tez-tez “riskdən qaçış” və “riskə yönəlmə” arasında dəyişir.
Bununla belə, qızılın yenidən bahalaşması ehtimalı qalır. Əgər ABŞ Federal Ehtiyat Sistemi faiz endirimlərinə başlasa və ya qlobal risklər artsa, qızıl qiymətlərində yenidən yüksəliş müşahidə oluna bilər. Uzunmüddətli perspektivdə isə qızıl hələ də etibarlı “təhlükəsiz liman” aktivlərindən biri kimi dəyərləndirilir, sadəcə hazırda qısa müddətli korreksiya mərhələsindən keçir”.