ABŞ ilə HƏMAS-ın 10 oktyabr 2025-ci ildə əldə edilən atəşkəsdən bəri ilk dəfə 14 apreldə birbaşa görüş keçirdiyi iddia edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, CNN-ə danışan iki HƏMAS rəsmisi, Trampın iqtisadi normallaşma məsələlərindən məsul səfiri Aryeh Lightstone-un rəhbərlik etdiyi nümayəndə heyətinin 14 apreldə Misirin paytaxtı Qahirədə HƏMAS Siyasi Bürosunun üzvü və Qəzza zolağındakı lideri Xəlil əl-Hayya ilə görüşdüyünü iddia edib.
Rəsmilərin bildirdiyinə görə, Lightstone-a Qəzza Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov da müşayiət edib. Görüşdə əl-Hayya İsrailin razılaşmanın ilk mərhələsinə dair öhdəliklərini yerinə yetirməsinin, hücumların dayandırılmasının və Qəzzaya daha çox humanitar yardımın daxil olmasının vacibliyini vurğulayıb.
ABŞ rəsmisinin isə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən bir neçə gün sonra Qahirədə HƏMAS nümayəndələri ilə təmas qurduğu iddia edilib. Bu görüşdə İsrailin razılaşmanın ilkin mərhələsindəki öhdəliklərini tam yerinə yetirəcəyi ilə bağlı təminat aldığı irəli sürülüb.
Digər tərəfdən, İsrailin HƏMAS silahsızlanmağa razı olacağı təqdirdə bu öhdəlikləri yerinə yetirəcəyi iddia edilib.
HƏMAS-ın yüksək səviyyəli rəsmisi isə təklifdə prioritetlərin qeyri-bərabər şəkildə müəyyən olunduğunu, İsrailin təhlükəsizliyinin ön plana çıxarıldığını, fələstinlilərin humanitar, siyasi və inzibati hüquqlarının isə nəzərə alınmadığını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü CNN-in şərh sorğusuna cavab olaraq “Davam edən danışıqlar barədə şərh vermirik” deyib.
İsrail ordusunun 10 oktyabr 2025-ci il atəşkəsinə baxmayaraq Qəzzaya hücumları davam edir. 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 min 344-ə çatıb.