Songkran’da 3 gündə 191 can itkisi: “Su festivalı” yolları qana boyadı

16 Aprel 2026 17:02 (UTC+04:00)

Dünyanın ən böyük su festivalı kimi tanınan Songkran zamanı küçələrdə əyləncə davam edərkən, yollarda ölüm halları artıb. İlk üç gün ərzində baş verən yol qəzalarında 191 nəfər həyatını itirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Taylandda hər il ənənəvi yeni ilin qeyd olunması məqsədilə keçirilən və “dünyanın ən böyük su döyüşü” kimi tanınan Songkran festivalı bu il də ağır faciə ilə sarsılıb.

Festivalın ilk üç günündə baş verən yol-nəqliyyat hadisələrində ümumilikdə 191 nəfər ölüb.

İl ərzində ölkədə gündəlik orta yol qəzası ölüm sayı 38 olduğu halda, bayramın başlaması ilə bu rəqəmin sürətlə artması diqqət çəkir.

Ölkə üzrə milyonlarla insan qeyd etmələr üçün Banqkok kimi böyük şəhərlərdən doğma bölgələrinə axışarkən yollar demək olar ki, ölüm tələsinə çevrilib. Hökumətin sərt təhlükəsizlik tədbirlərinə, polis nəzarətinin artırılmasına və sərxoş halda avtomobil idarə etməyə qarşı kampaniyalara baxmayaraq, festivalın ilk günündə 51 nəfər yollarda həyatını itirib.

Qəzaların əsas səbəbləri arasında 42% ilə həddindən artıq sürət birinci yerdədir, bunu 27,4% ilə sərxoş halda avtomobil idarə etmə izləyir. Mütəxəssislər bildirirlər ki, dəbilqə taxmamaq kimi riskli davranışlar və qayda pozuntuları “yeddi təhlükəli gün” adlandırılan bu dövrdə ölüm sayını artırır.

BMT-nin məlumatlarına görə, Tayland artıq yol-nəqliyyat qəzaları baxımından dünyanın ən ölümcül ölkələri arasında 9-cu yerdədir. Ruhani təmizlənmə və yeni başlanğıcları simvolizə etməli olan bu bayram isə hər il təkrarlanan bu faciəvi mənzərə səbəbilə acı bir ironiya halına gəlib.

Qeyd etmələr zamanı ictimai asayişi pozanlara qarşı təhlükəsizlik qüvvələri sərt müdaxilələr də edib; belə ki, yolu bağlayaraq ətrafı narahat etdikləri üçün 7 fransız turist saxlanılıb.

Buna baxmayaraq, turizm baxımından çox vacib olan və təxminən 500 min xarici turisti ölkəyə cəlb edən festival təxminən 900 milyon dollarlıq iqtisadi dövriyyə yaratmağa davam edir.