Göl və bataqlıq ərazidə tikilən evlərin ekoloji mühitə və təbii su balansına təsiri nə qədərdir? - EKOLOQ AÇIQLADI

16 Aprel 2026 16:31 (UTC+04:00)

“Çöl və bataqlıq ərazilər sadəcə su olan sahələr deyil, hidrologiya baxımından çox həssas və eyni zamanda təbiətin tarazlığını qoruyan canlı sistemlərdir. Bu mövzuya yanaşmanı üç istiqamətdə izah etmək daha məqsədəuyğundur: ekoloji təsir, hüquqi tələblər və dayanıqlılıq məsələləri”.

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

O bildirib ki, əvvəlcə ekoloji tərəfdən baxaq. Bataqlıqlar təbiətin öz filtr sistemidir:

“Onlar suyu çirklərdən, ağır metallardan təmizləyir, daşqınların təsirini azaldır, artıq suyu özündə saxlayaraq torpağın alt qatlarına ötürür və bununla da yeraltı su ehtiyatlarını qidalandırır. Eyni zamanda, bu ərazilər bioloji müxtəlifliyin qorunması üçün əvəzolunmaz mühitdir – bəzi canlı növləri yalnız bu şəraitdə yaşaya bilir.

Lakin belə ərazilərdə tikinti aparıldıqda bu təbii sistem pozulur. Su axınları dəyişir, drenaj funksiyası sıradan çıxır, bataqlıqlar ya qurudulur, ya da doldurularaq tamamilə başqa bir mühitə çevrilir. Nəticədə su balansı pozulur, suyun keyfiyyəti pisləşir, daşqın riski isə əksinə, artır. Yəni bataqlığın gördüyü bütün faydalı işlərin tam əksi baş verir.

Məsələnin hüquqi tərəfi də az əhəmiyyətli deyil. Dünyanın əksər ölkələrində bu tip ərazilər ciddi qorunan zonalar hesab olunur. Belə sahələrdə tikinti aparmaq üçün ilk növbədə ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilməlidir. Bu zaman ərazinin bataqlıq olub-olmaması, ekosistemə necə təsir edəcəyi peşəkar mütəxəssislər tərəfindən analiz olunur. Daha sonra isə müvafiq dövlət qurumlarından xüsusi icazələr alınmalıdır.

Əgər hər hansı səbəbdən tikinti zəruri hesab olunarsa, kompensasiya mexanizmləri tətbiq edilir. Bu, maddi ödənişdən çox, ekoloji balansın bərpasına yönəlir. Yəni məhv edilən bataqlığın əvəzinə başqa ərazidə daha geniş sahədə yeni bataqlıq yaradılmalıdır. Bundan əlavə, su hövzələrinin ətrafında qoruyucu zonalar müəyyən edilir və tikinti ya tam qadağan olunur, ya da ciddi məhdudlaşdırılır.

Texniki və dayanıqlılıq baxımından isə risklər daha açıq görünür. Bataqlıq torpaq su ilə doymuş, yumşaq və zəif daşıyıcılığa malik olur. Belə torpaq üzərində tikilən binalar zamanla çökməyə, əyilməyə və hətta uçmağa meylli olur. Buna görə də əgər tikinti aparılırsa, xüsusi mühəndislik həlləri tətbiq edilməlidir: svaylar torpağın dərin, bərk qatlarına qədər vurulmalı, tikililər əsasən dirəklər üzərində qurulmalı və su axınlarının qarşısı kəsilməməlidir.

Bununla yanaşı, belə ərazilərdə tikilmiş binalarda nəm problemi qaçılmazdır. Divarlar nəm çəkir, kif və çürümə yaranır, bu isə həm tikilinin dayanıqlığını azaldır, həm də yaşayış üçün sağlam olmayan mühit formalaşdırır. Uzunmüddətli perspektivdə iqlim dəyişiklikləri də bu riskləri daha da artırır. Yağıntıların intensivləşməsi və su səviyyəsinin dəyişməsi gözlənilməz daşqınlara səbəb ola bilər.

Nəticə etibarilə, bataqlıq ərazilərdə tikinti tamamilə mümkünsüz deyil, amma bu, ciddi elmi əsaslandırma, hüquqi icazələr və peşəkar mühəndis yanaşması tələb edir. Əks halda, həm təbiətə, həm də insanlara qarşı ciddi risklər qaçılmaz olur”.

Cəmşid Quliyev sözlərinə belə davam edib: “Dayanıqlılığı artırmaq mümkündürmü? Bəli, mümkündür. Amma bu, sadə və ucuz həll deyil və hər halda riskləri tam aradan qaldırmır.

Bataqlıq və ya suya yaxın ərazilərdə tikinti aparılarkən xüsusi mühəndislik yanaşmaları tələb olunur. Məsələn, tikilinin dirəklər üzərində qurulması, platformanın qaldırılması, dərin fundament sistemlərinin tətbiqi, drenaj və suyun idarə olunması üçün xüsusi infrastrukturun yaradılması kimi tədbirlər mütləq nəzərə alınmalıdır. Bütün bunlar tikilinin dayanıqlığını müəyyən qədər artırır. Ancaq əsas məsələ ondan ibarətdir ki, bu tədbirlər riski yalnız azaldır, onu tam aradan qaldırmır.

Üstəlik, bu cür texniki həllər ciddi maliyyə tələb edir. Bəzən bu xərclər o qədər yüksək olur ki, layihənin iqtisadi səmərəliliyi sual altına düşür. Halbuki eyni tikinti daha uyğun, bataqlıq olmayan ərazidə aparılarsa, bu əlavə xərclərə ehtiyac qalmaz. Bu baxımdan ərazinin seçimi təkcə texniki deyil, həm də iqtisadi cəhətdən əsaslandırılmalıdır. Yəni tikinti üçün məhz həmin ərazinin nə qədər zəruri olduğu qiymətləndirilməlidir ki, əlavə xərclər mənasız yükə çevrilməsin.

Digər mühüm məsələ isə ekoloji zərərin kompensasiya olunmasıdır. Teorik olaraq bunu müəyyən qədər təmin etmək mümkündür, amma praktikada təbii ekosistemin tam bərpası çox çətindir. Ona görə də qərar verməzdən əvvəl bütün amillər – ekoloji təsir, texniki risklər və iqtisadi səmərəlilik – birlikdə dəyərləndirilməlidir.

Bu səbəbdən bataqlıq ərazilərdə tikinti ilə bağlı “olar” və ya “olmaz” kimi qəti bir cavab vermək düzgün deyil. Hər bir konkret sahə ayrıca araşdırılmalı, ilkin olaraq ekoloji qiymətləndirmə aparılmalıdır. Ərazinin təsərrüfat baxımından əhəmiyyəti də nəzərə alınmalıdır. Məsələn, əgər həmin sahə yerli əhali tərəfindən otlaq və ya başqa məqsədlərlə istifadə olunursa, bu istifadənin alternativləri əvvəlcədən düşünülməlidir.

Bununla yanaşı, tikintinin ətraf mühitə əlavə təsirləri də qiymətləndirilməlidir: kanalizasiya sistemi necə qurulacaq, tullantılar hara yönləndiriləcək, su balansına necə təsir edəcək və s. Yəni məsələ təkcə tikintinin özü ilə bitmir, onun yaratdığı bütün zəncirvari təsirlər analiz olunmalıdır.

Sadə desək, hər hansı bir ərazi kiminsə xoşuna gəldi deyə orada tikinti aparmaq yanaşması doğru deyil. Bu qərar yalnız mütəxəssislərin rəyinə, elmi əsaslandırmaya və kompleks qiymətləndirməyə söykənməlidir.

Praktiki baxımdan isə tikintinin daha çox mövcud yaşayış məntəqələrinə yaxın ərazilərdə aparılması məqsədəuyğundur. Bu, kommunikasiya xətlərinin, infrastrukturun daha asan və daha az xərclə qurulmasına imkan verir. Yeni, əlverişsiz ərazilərdə tikinti isə həm maliyyə, həm də risk baxımından daha çətin və qeyri-müəyyən olur.

Nəticə olaraq, belə ərazilərdə tikinti mümkündür, amma yalnız bütün risklər düzgün qiymətləndirildikdən və zəruri tədbirlər görüldükdən sonra. Əks halda, bu qərar sonradan həm iqtisadi, həm ekoloji, həm də təhlükəsizlik baxımından ciddi problemlərə səbəb ola bilər”.

Ayşən Vəli