Gömrük əməkdaşları üçün təlim keçirilib

16 Aprel 2026 16:21 (UTC+04:00)

Bakı Baş Gömrük İdarəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə edilməklə gömrük əməkdaşlarının peşəkarlığının yüksəldilməsi” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən təlimdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının mütəxəssisləri tərəfindən iştirakçılara təqdimatlar əsasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər haqqında ətraflı məlumat verilib.
Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təqdimatla çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin insan orqanizmində yaratdığı ciddi təhlükələr, bu maddələrin istifadəçilərində müşahidə olunan xarakterik davranış və fizioloji əlamətlər barədə ətraflı məlumat verib.
Həmçinin iştirakçılar nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması zamanı diqqət edilməli məqamlar, gizli saxlanc yerlərinin müəyyən olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı digər mövzularda məlumatlandırılıblar.
Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.