Vətəndaş bu hallarda inzibati cəriməyə etiraz edə bilər - DİQQƏT

16 Aprel 2026 16:21 (UTC+04:00)

İnzibati cərimələrlə bağlı narazılıqlar cəmiyyətdə ən geniş yayılmış hüquqi məsələlərdəndir. Xüsusilə yol hərəkəti qaydalarının pozulması, ictimai asayişin qorunması ilə bağlı hallar və digər inzibati xətalar zamanı tətbiq olunan cərimələr vətəndaşlarda qərarın ədalətli olub-olmaması ilə bağlı suallar yaradır. Bəs vətəndaş hansı hallarda inzibati cəriməyə etiraz edə bilər?

Məsələ ilə bağlı hüquqşünas Xanım Yusifova SİA-ya açıqlamasında bildirib ki, inzibati cərimələrdən şikayət vermək hər bir vətəndaşın qanunla təmin olunmuş hüququdur:

“Əgər şəxs hesab edirsə ki, ona tətbiq olunan cərimə əsassızdır və ya qanunvericiliyin tələblərinə uyğun deyil, həmin qərardan etiraz edə bilər.

Qeyd olunur ki, inzibati xəta haqqında qərar təqdim edildikdən sonra adətən 10 gün müddətində şikayət vermək mümkündür. Bu müddət ötürüldükdə müraciətin təmin olunması çətinləşə bilər. Lakin üzrlü səbəblər olduqda müddətin bərpası da mümkündür.

Şikayət iki formada edilə bilər: qərarı qəbul edən orqana (məsələn, yol polisi və ya digər inzibati qurum) və ya birbaşa məhkəməyə müraciət etməklə. Təcrübədə isə çox vaxt birbaşa məhkəməyə müraciət daha effektiv hesab olunur, çünki işə müstəqil orqan tərəfindən baxılır.

Etiraz zamanı vətəndaş öz mövqeyini əsaslandırmalı və mümkün sübutlar təqdim etməlidir. Bu sübutlara foto və video materiallar, şahid ifadələri və digər sənədlər daxil ola bilər. Əgər cərimə texniki vasitələr – məsələn, radar və ya müşahidə kameraları vasitəsilə qeydə alınıbsa, həmin materialların düzgünlüyü və qanuniliyini də mübahisələndirmək mümkündür.

Ümumilikdə, inzibati cərimələrə etiraz etmək hüququndan istifadə etmək vətəndaşın hüquqi maarifliliyinin göstəricisidir və proses düzgün aparıldıqda ədalətli nəticə əldə etmək mümkündür”.