"Büdcə mexanizmi müasir tələblərə uyğunlaşır" - ŞƏRH EDİLDİ

16 Aprel 2026 16:05 (UTC+04:00)

"Ortamüddətli büdcə çərçivəsi büdcə vəsaitlərinin istifadəsində həm qaydaların dəqiqləşdirilməsi, həm də şəffaflığın artırılması məqsədi daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu yanaşma dövlət vəsaitlərinin daha səmərəli və məqsədyönlü xərclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: "Artıq ortamüddətli büdcə çərçivəsinin tətbiqi həyata keçirilir və onun davamlı şəkildə təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Bu, həm büdcənin daha dəqiq proqnozlaşdırılması, həm də maliyyə resurslarının optimal bölüşdürülməsi baxımından mühüm rol oynayır.

Eyni zamanda, büdcə sisteminin elektronlaşdırılması istiqamətində atılan addımlar bu prosesi daha da gücləndirir. Prezident tərəfindən rəqəmsal maliyyə informasiya sisteminin yaradılması ilə bağlı müvafiq sənədin imzalanması və əsasnamənin təsdiq edilməsi bu sahədə mühüm irəliləyişdir.

Ortamüddətli büdcə çərçivəsi artıq yeni çağırışlara və müasir tələblərə uyğun şəkildə formalaşdırılır. Bu isə rəqəmsal və elektron xidmətlərdən daha geniş istifadəni təmin etməklə yanaşı, büdcə vəsaitlərinin planlaşdırılması və xərclənməsi prosesində səmərəliliyin və şəffaflığın artmasına şərait yaradır".