İnsanlar niyə endirim görəndə ehtiyacı olmayan məhsulu alır?

16 Aprel 2026 12:40 (UTC+04:00)

"Təəssüf ki, ölkəmizdə maliyyə savadlılığı yetəri səviyyədə deyil. Alıcı kütləsi çox asanlıqla “endirimlər”ə inanır. Əslində, market və ticarət mərkəzləri arasında rəqabət mühiti var. Bu da ilk növbədə alıcının araşdırmasına deyil, sosial şəbəkələrdən qaynaqlanan məlumatlara əsaslanır".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, həm də sosial şəbəkə vasitəsilə yayılan yalan endirimlər araşdırma qabiliyyəti olmayan alıcını asanlıqla aldada bilir: "Məsələn, Türkiyədə “zabıta” məmurları bələdiyyələrin nəzdində fəaliyyət göstərir. Həmin şəxslər endirim qiymətini kassadakı əvvəlki satış və məhsulun gəliş qiyməti ilə müqayisə edirlər. Əgər saxta endirim və ya həddindən artıq qiymət artımı aşkar edilərsə, mağazaya yüksək məbləğdə cərimə tətbiq olunur. Bizdə də mütəmadi yoxlamalar aparılsa, yaxud vətəndaşların iqtisadi biliklərini artırmaq üçün maarifləndirici reklam çarxları və videolar hazırlanarsa, daha yaxşı olar.

Digər vacib məqam tam verilməyən məlumatlar və ya aldadıcı endirimlərlə bağlıdır. Məsələn, toyuq məhsulunun qiyməti mağazada 4.5 manatdan başlayır. Nümunə olaraq, mağaza sosial şəbəkə hesabında reklam çarxı paylaşır və məhsulun 3.50 manata satılacağını bildirir. Lakin satışa yalnız 10 ədəd çıxarılır, yanındakı digər məhsullar isə 5.70 manat qiymətlə təqdim olunur. Alıcı ya diqqət etmədiyi üçün daha baha olan məhsulu alır, ya da endirimli məhsulun bitdiyi deyilir. Beləliklə, alıcı həmin marketdən əliboş çıxmır və gördüyü digər məhsullardan almağa məcbur olur. Zəruri ehtiyac malları olduğu üçün insanlar onsuz da bu məhsulları alır, lakin bu cür yanaşma ilə alıcını aldatmaq düzgün deyil.

Digər bir məsələ isə ehtiyacı olmayan məhsulların alınması ilə bağlıdır. Qida məhsulları və ya tez xarab olan mallar üçün bu, müəyyən qədər başa düşüləndir. Çünki bir neçə gün ərzində qiymətlər dəyişə bilər və ya məhsulların istifadə müddəti məhdud olur. Lakin ehtiyacı olmayan məhsulların alınması daha çox panika, o anın təsiri və emosional qərarlarla bağlıdır. Bundan əlavə, bu hal artıq pul kütləsi və istehlakçı davranışı ilə də əlaqəlidir.

Ümumilikdə qeyd etmək olar ki, cüzi də olsa iqtisadi savadı olan şəxs iqtisadi xəbərlərdən və açıqlamalardan nəticə çıxarıb öz büdcəsini daha düzgün tənzimləyə bilər. Məsələn, Mərkəzi Bankın pul kütləsinin dövretmə sürətinin azalması ilə bağlı açıqlaması belə, düzgün analiz edilərsə, istehlak davranışına təsir göstərə bilər".