Türkiyədə Polis Baş İdarəsi Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən hadisələrlə bağlı 591 sosial media hesabı haqqında hüquqi proses başladıldığını açıqlayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, qurumun rəsmi sosial media hesabında yayılan məlumatda bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalar zamanı qeyd olunan hadisələrlə bağlı ictimai asayişə mənfi təsir göstərən paylaşımlar müəyyən edilib. Bu paylaşımlar arasında cinayəti və cinayətkarı təbliğ edən, hadisələri təhrif edən, qəsdən yanlış məlumat yayan, həmçinin cəmiyyətdə nifrət və düşmənçilik hisslərini alovlandırmağa yönəlmiş məzmunlar yer alıb.
Açıqlamada qeyd olunub ki, aşkar edilən hesablar və paylaşımlar üzrə zəruri tədbirlər görülür, həmin məzmunları hazırlayan, yayan və yayılmasına vasitəçilik edən şəxslər barəsində hüquqi prosedurlar gecikdirilmədən həyata keçirilir.
Polis Baş İdarəsi vurğulayıb ki, bu cür təxribat xarakterli paylaşımlar edən şəxslərə qarşı tədbirlər qətiyyətlə davam etdiriləcək.