“Azərbaycan-Rusiya münasibətləri davamlı və qarşılıqlı maraqlara əsaslananır” - ŞƏRH

15 Aprel 2026 16:37 (UTC+04:00)

“Azərbaycan ilə Rusiya arasındakı münasibətlər iqtisadi müstəvidə davamlı və qarşılıqlı maraqlara əsaslanan xarakter daşıyır. İki ölkə arasında ticarət dövriyyəsi, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq hələ də aktiv şəkildə davam edir. Xüsusilə regional layihələr və tranzit imkanları bu əlaqələrin davamlılığını təmin edən əsas amillərdən biridir. Bu baxımdan iqtisadi münasibətlər siyasi gərginliklərə baxmayaraq daha sabit və praqmatik şəkildə qorunub saxlanılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, lakin siyasi müstəvidə vəziyyət əvvəlki dövrlərlə müqayisədə daha həssas və mürəkkəbdir:

“Xüsusilə AZAL-a məxsus təyyarənin vurulması hadisəsi iki ölkə arasında etimad mühitinə ciddi təsir göstərdi. Amma Rusiya bu hadisə ilə bağlı geri addım ataraq kompensasiya ödəcəyini bəyan etdi.

Bununla belə, tərəflər münasibətləri tam şəkildə gərginləşdirməkdən çəkinərək daha çox balanslı siyasət yürütməyə üstünlük verirlər. Bu kontekstdə humanitar və regional məsələlərdə əməkdaşlıq mühüm rol oynayır. Məsələn, İran ətrafında baş verən hərbi gərginlik fonunda Azərbaycanın Rusiya vətəndaşlarının sərhəddən təhlükəsiz keçidini təmin etməsi Bakı tərəfindən humanitar və qonşuluq prinsiplərinə sadiqliyin göstəricisi kimi qiymətləndirilə bilər. Bu addım həm də iki ölkə arasında müəyyən yumşalma və qarşılıqlı anlayış mühitinin formalaşmasına təsir edən amillərdən biri oldu.

Diplomatik təmasların davam etməsi də münasibətlərin tamamilə pozulmadığını göstərir. Belə ki, aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında keçirilən görüş tərəflər arasında dialoqun davam etdiyini nümayiş etdirir. Bu cür görüşlər adətən mövcud problemlərin müzakirəsi, fikir ayrılıqlarının idarə olunması və əməkdaşlıq sahələrinin qorunub saxlanılması məqsədi daşıyır.

Ümumilikdə, hazırkı mərhələdə Azərbaycan-Rusiya münasibətlərini “selektiv əməkdaşlıq və məhdud siyasi etimad” modeli kimi xarakterizə etmək olar. Yəni iqtisadi və praktik sahələrdə əməkdaşlıq davam edir, lakin siyasi müstəvidə müəyyən ehtiyatlılıq və qarşılıqlı inamsızlıq elementləri qalmaqdadır. Buna baxmayaraq, tərəflərin regiondakı maraqları və qarşılıqlı asılılıq faktorları münasibətlərin tam kəskinləşməsinin qarşısını alır və onları dialoq çərçivəsində saxlamağa vadar edir”.