“Rusiya ilə münasibətlər tarixən Azərbaycanın xarici siyasətində mühüm və prioritet istiqamətlərdən biri kimi çıxış edib və bu gün də bu əhəmiyyətini qoruyub saxlayır”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, qarşılıqlı şəkildə Rusiyada yaşayan çoxsaylı Azərbaycan diasporu, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən rus icması bu münasibətlərin canlı sosial bazasını təşkil edir:
“Azərbaycan ilə Rusiya arasında münasibətlərin davamlı və sabit olması regionda ümumi təhlükəsizlik və əməkdaşlıq mühitinin qorunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə regionda həyata keçirilən iri nəqliyyat və logistika layihələri iki ölkə arasında iqtisadi inteqrasiyanı daha da dərinləşdirir və yeni imkanlar açır.
Təsadüfi deyil ki, Azərbaycan-Rusiya münasibətləri uzun illərdir konstruktiv və praqmatik müstəvidə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulub. Dövlət rəhbərləri və digər rəsmi şəxslər arasında mütəmadi keçirilən görüşlər, yüksək səviyyəli səfərlər və dialoqlar tərəflər arasında strateji məsələlərin müzakirəsinə, mövcud problemlərin operativ həllinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə şərait yaradır.
Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər yalnız bugünkü maraqlarla deyil, həm də uzunmüddətli strateji baxışla inkişaf etdirilir. Qarşılıqlı etimadın qorunması, dialoqun davamlılığı və əməkdaşlıq sahələrinin genişləndirilməsi bu münasibətlərin gələcəkdə də möhkəm və dayanıqlı şəkildə davam etməsini təmin edən əsas amillərdən biridir”.