"Nəticə əsaslı büdcə mexanizmlərinə keçid sürətlənir" - İQTİSADÇI AÇIQLADI

15 Aprel 2026 15:39 (UTC+04:00)

"Ümumiyyətlə, orta müddətli xərclər çərçivəsi büdcə prosesi çərçivəsində hazırlanmış əsas strateji sənədlərdən biridir. Bu sənəd növbəti illər, xüsusilə 2026-cı ildən sonrakı dövr üçün dövlətin fiskal siyasətinin əsas istiqamətlərini müəyyən edir. Artıq bu çərçivənin hazırlanması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, parametrlərin konkret olaraq necə formalaşacağını indiki mərhələdə dəqiq demək çətindir: "Çünki orta müddətli xərclər çərçivəsi hazırlanarkən bir sıra mühüm amillər nəzərə alınır.

Bunlara ilk növbədə hökumətin orta və uzunmüddətli dövr üzrə gözlənilən fiskal gəlirləri, icmal büdcənin gəlir bazası, fiskal konsolidasiya siyasəti və büdcənin dayanıqlılığı kimi məsələlər daxildir. Paralel olaraq, neft və qaz sektorundan əldə olunacaq gəlirlər və bu gəlirlərin dəyişən qlobal iqtisadi konyunktura şəraitində dinamikası da mühüm rol oynayır.

Bundan əlavə, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı xərclər, eləcə də dəyişən geosiyasi şəraitdə müdafiə xərclərinin artırılması kimi çağırışlar da nəzərə alınan əsas istiqamətlərdəndir.

Digər mühüm məqam büdcə idarəçiliyində şəffaflığın artırılması və səmərəliliyin təmin olunmasıdır. Bu çərçivədə büdcə icrasının şəffaflaşdırılması, kənarlaşmaların qarşısının alınması, vəsaitlərin qeyri-effektiv və subyektiv istifadəsinin minimuma endirilməsi əsas prioritetlər sırasındadır.

Eyni zamanda, gəlirlər hissəsində qeyri-neft sektorunun inkişafı və bu sahədə davamlı siyasətin həyata keçirilməsi də əsas hədəflərdəndir.

Orta müddətli dövrdə büdcə xərclərinin strukturu da xüsusi əhəmiyyət daşıyır. Sosial siyasətin prioritetləri, dövlət xərclərinin istiqamətləri və onların səmərəliliyi bu çərçivədə əsas göstəricilər kimi çıxış edir.

Bununla yanaşı, nəticə əsaslı büdcə mexanizmlərinə keçid, xərclərin daha effektiv planlaşdırılması üçün orta müddətli simulyasiya modellərinin tətbiqi və mərhələli islahatların davam etdirilməsi də gözlənilən əsas istiqamətlərdəndir.

Eyni zamanda, əməkhaqqı sistemində nəticəyönümlü və məsuliyyətə əsaslanan yanaşmaların tətbiqi də gələcək büdcə siyasətində öz əksini tapa bilər.

Fiskal konsolidasiya tədbirlərinin davam etdirilməsi fonunda büdcə xərclərinin kəskin artırılmasından daha çox, onların səmərəliliyi və prioritetliyi əsas meyar kimi çıxış edəcək. Bu yanaşma növbəti orta müddətli dövrdə büdcə planlaşdırmasının əsas prinsipini təşkil edəcək".