“Rəqəmsal texnologiya onlayn ticarətdə əsas hərəkətverici qüvvədir” -EKSPERT DANIŞDI

15 Aprel 2026 13:41 (UTC+04:00)

“Onlayn ticarət müasir iqtisadi sistemin dinamik inkişaf edən istiqamətlərindən biri kimi ənənəvi ticarətlə müqayisədə daha geniş əlçatanlıq və yüksək rahatlıq səviyyəsi ilə seçilir”.

Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, istehlakçılar fiziki məkan məhdudiyyətindən asılı olmadan istənilən məhsulu seçmək və sifariş etmək imkanı əldə edir, bu isə həm vaxt itkisinin, həm də nəqliyyat xərclərinin azalmasına səbəb olur:

”Eyni zamanda, satıcılar üçün daha geniş bazara çıxış imkanları yaranır, fiziki mağazaların saxlanması ilə bağlı xərclər isə minimuma enir. Məhsulların müqayisəsi və onlar haqqında məlumatın əldə olunması prosesinin sadələşməsi də bu sahənin üstün cəhətlərindəndir.

Bununla yanaşı, onlayn ticarətin müəyyən çatışmazlıqları da mövcuddur. Məhsulun fiziki olaraq yoxlanılması imkanının olmaması keyfiyyətlə bağlı riskləri artırır. Çatdırılma prosesində baş verən gecikmələr, logistika problemləri və əlavə xərclər istehlakçılar üçün müəyyən çətinliklər yaradır. Bundan əlavə, kibertəhlükəsizlik məsələləri və şəxsi məlumatların qorunması problemi də aktuallığını qoruyur və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.

Rəqəmsal texnologiyalar onlayn ticarətin inkişafında əsas hərəkətverici qüvvə kimi çıxış edir. Mobil tətbiqlər, elektron ödəniş sistemləri, süni intellekt və məlumat analitikası bu sahəni daha sürətli, səmərəli və fərdiləşdirilmiş hala gətirir. Xüsusilə alqoritmik yanaşmalar istifadəçilərin maraqlarını təhlil edərək onlara uyğun məhsulların təklif olunmasına şərait yaradır, rəqəmsal ödəniş mexanizmləri isə əməliyyatların operativliyini artırır. Rəqəmsallaşma onlayn ticarətin miqyasını genişləndirməklə yanaşı, onun iqtisadi münasibətlər sistemində rolunu daha da gücləndirir”.