Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən həyata keçirilən “Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində “Effektiv ünsiyyət və ictimai çıxış bacarıqları” mövzusunda təlim keçirilib.
SİA xəbər verir ki, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin təqdimatında baş tutan təlimdə iştirakçılara düzgün ünsiyyətin qurulması, auditoriya qarşısında çıxış zamanı diqqət edilməli məqamlar, nitq mədəniyyəti və özünüifadə bacarıqlarının inkişafı ilə bağlı ətraflı məlumat verilib:
“Bu seminarın mövzusu effektiv ünsiyyət və ictimai çıxış bacarıqlarının əhəmiyyətidir. Ünsiyyət yalnız danışmaq deyil, fikirləri aydın və təsirli şəkildə çatdırmaq, eyni zamanda qarşı tərəfi dinləməyi bacarmaqdır. Aktiv dinləmə, düzgün bədən dili və özünə inam ünsiyyətin əsas prinsiplərindəndir.
Tariximizdə uğurlu liderlərin nümunəsi göstərir ki, güclü ünsiyyət bacarığı dövlətçiliyin və milli birliyin möhkəmlənməsində mühüm rol oynayır. 1990-cı illərin əvvəllərində Azərbaycanın ən çətin dövrlərindən biri də məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı milli həmrəyliyin güclənməsində tarixi rol oynadı. Ölkədə sabitlik, birlik və dövlətçilik ənənələri məhz həmin dövrdə möhkəmləndirildi və müasir vətəndaş cəmiyyətinin formalaşmasına ciddi zəmin yarandı.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilir. Cənab Prezident müasir dövrün lideri kimi həm ölkə daxilində, həm də beynəlxalq arenada güclü kommunikasiya bacarığı ilə seçilir. Müasir dövrdə isə bu bacarıqlar həm ənənəvi, həm də rəqəmsal mühitdə vacibdir.
İctimai çıxış üçün mövzunu yaxşı bilmək, çıxışı düzgün strukturlaşdırmaq (giriş, əsas hissə, nəticə) və əsas mesajı aydın çatdırmaq lazımdır. Eyni zamanda, vətəndaş məsuliyyəti, milli dəyərlərə bağlılıq və cəmiyyətə faydalı olmaq hər bir gəncin əsas vəzifələrindəndir.
Effektiv ünsiyyət və güclü çıxış bacarığı şəxsi inkişafın, liderliyin və güclü dövlətin formalaşmasının vacib şərtlərindən biridir” - deyə, Bəhruz Quliyev bildirib.
Eyni zamanda təlim çərçivəsində gənclərlə interaktiv müzakirələr aparılıb, praktiki nümunələr üzərində fikir mübadiləsi həyata keçirilib və iştirakçıların çıxış bacarıqlarının təkmilləşdirilməsi istiqamətində tövsiyələr səsləndirilib.
Qeyd edək ki, Proqram çərçivəsində gənclərin şəxsi inkişafı, ictimai fəallığının artırılması və müasir bacarıqlarının formalaşdırılması məqsədilə silsilə təlimlərin keçirilməsi davam etdirilir.