“Yeni səfirin etimadnaməsi münasibətlərin yeni mərhələsini göstərir” - POLİTOLOQ DANIŞDI

15 Aprel 2026 12:06 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Esvatini Krallığı səfirinin qəbul edilməsi ilk növbədə Azərbaycanın xarici siyasətində coğrafi şaxələndirmə və çoxtərəfli diplomatiyanın gücləndirilməsi strategiyasının davamı kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib .

Onun sözlərinə görə, bu tip görüşlər təkcə protokol xarakteri daşımır, eyni zamanda Afrika regionu ilə siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi üçün institusional zəmin yaradır:

”Xüsusilə son illərdə Azərbaycanın Qlobal Cənub ölkələri ilə münasibətlərini aktivləşdirməsi, beynəlxalq təşkilatlar çərçivəsində dəstək bazasını genişləndirməsi bu kimi diplomatik təmasların əhəmiyyətini artırır.

Digər tərəfdən, yeni səfirin etimadnaməsinin təqdim olunması iki ölkə arasında münasibətlərin rəsmi olaraq yeni mərhələyə keçməsi deməkdir. Bu mərhələdə əsas diqqət iqtisadi əməkdaşlıq, investisiya imkanları və beynəlxalq platformalarda qarşılıqlı dəstək kimi istiqamətlərə yönələ bilər. Azərbaycan üçün Afrika ölkələri ilə əlaqələrin genişlənməsi enerji diplomatiyasından kənara çıxaraq daha çox siyasi təsir imkanlarının artırılması ilə bağlıdırsa, Esvatini üçün bu münasibətlər yeni tərəfdaşlıqlar və inkişaf imkanları baxımından əhəmiyyət kəsb edir. Bu baxımdan görüş, iki ölkə arasında gələcək əməkdaşlığın ilkin siyasi siqnalı kimi dəyərləndirilə bilər”.