"Qərarsızlıq insanın daxili vəziyyətindən asılıdır" - PSİXOLOQ DANIŞDI

15 Aprel 2026 11:06 (UTC+04:00)

"Ümumiyyətlə, qərar vermək və seçim etmək insan psixologiyası ilə birbaşa bağlı olan məsələdir. Seçimlərin az və ya çox olması birbaşa olaraq insanın psixoloji durumunu müəyyən etmir. Lakin seçimlərin çoxluğu insanın daha geniş məlumata sahib olması deməkdir və bu da seçim edərkən alternativlərin artmasına səbəb olur".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, əgər insanın psixoloji vəziyyətində qeyri-müəyyənlik, özünə inamsızlıq və ya qərarsızlıq varsa, qarşısında nə qədər seçim olmasından asılı olmayaraq, qərar verməkdə çətinlik çəkəcək: "Yəni, istər iki seçim olsun, istərsə də onlarla alternativ - belə insanlar yenə də tərəddüd yaşayacaqlar.

Qərarsızlıq əsasən insanın xarakterindən, həyat təcrübəsindən və dünyagörüşündən qaynaqlanır. Bəzi insanlar seçim çox olduqda daha tez qərar verirlər, çünki onlar öz istəklərini dəqiq bilirlər və variantları asanlıqla süzgəcdən keçirə bilirlər. Digərləri isə, əksinə, seçimlərin çoxluğu qarşısında daha çox tərəddüd edir və qərarvermə prosesi uzanır.

Əslində, əsas məsələ seçimlərin sayında deyil, insanın nə istədiyini nə dərəcədə aydın bilməsindədir. Əgər insan öz məqsədini və prioritetlərini dəqiq müəyyən edibsə, seçimlərin çoxluğu da, azlığı da onun üçün problem yaratmır.

Seçim etmək bacarığı insanın daxili psixoloji vəziyyəti, xarakteri və həyata baxışı ilə bağlıdır. Özünü tanıyan və nə istədiyini bilən insan üçün qərar vermək hər zaman daha asan olur".