...Son on ildə İngiltərədə hörümçək sancmaları səbəbindən xəstəxanaya yerləşdirilmələrin sayı ikiqatdan çox artıb.
Milli Səhiyyə Xidmətinin ilkin məlumatlarına görə, 2025-ci ildə “hörümçəklərlə təmas və ya onlara məruz qalma” ilə əlaqəli təxminən 100 hal qeydə alınacaq.
SİA xəbər verir ki, “Independent” qəzetinin məlumatına görə, 2015-ci ildə bu rəqəm 47 olub.
Alimlər bu tendensiyanı Böyük Britaniyada sürətlə yayılan yalançı dul hörümçəklərin - Steatoda cinsinə aid hörümçək növlərinin - sayının kəskin artması ilə əlaqələndirirlər.
Oksford Universitetinin ekoloqu Klayv Hambler bildirib ki, “...Böyük Britaniyada hörümçəklərin zərərsiz hesab edilə biləcəyi günlər artıq geridə qalıb”.
O qeyd edib ki, 50 il əvvəl hörümçək sancmaları demək olar ki, heç bir sağlamlıq riski yaratmırdı, lakin yalançı dul populyasiyasının artması ilə xüsusilə ölkənin cənubunda ciddi reaksiyalar daha çox yayılıb.
...Deməli, yalançı dul hörümçək Madeyra və Kanar adalarına məxsus invaziv bir növdür.
İlk dəfə 19-cu əsrdə İngiltərədə qeydə alınıb, lakin sürətlə yayılması nisbətən yaxınlarda başlayıb. Bu hörümçəklər tez-tez insan yaşayış yerlərinin yaxınlığında yuva qurur və bu da yoluxma ehtimalını artırır.
Saxta dul hörümçək zəhəri adətən ağrı və qaşınmaya səbəb olur, lakin alimlər daha ciddi fəsadların hörümçəklərin daşıdığı bakteriyalarla əlaqəli ola biləcəyini söyləyirlər. Nadir hallarda bu, sepsis də daxil olmaqla ciddi nəticələrə səbəb ola bilər. Lakin bütün mütəxəssislər vəziyyəti narahatedici hesab etmirlər.
...Bu hörümçəklər dişləyə bilsələr də, əksər hallarda yüngül olur və ciddi reaksiyalar nadirdir, - deyə Qlosterşir Universitetinin professoru Adam Hart qeyd edib.
Qolvey Universitetinin zooloqu Mişel Duqon da oxşar fikri bölüşür. O qeyd edib ki, xəstəxanaya yerləşdirilmələrin artması təkcə hörümçək populyasiyasının artması ilə deyil, həm də məsələyə tibbi və medianın diqqətinin artması ilə əlaqəli ola bilər.
...Əgər dişləmənin özünü görməmisinizsə, çox güman ki, bu, hörümçək deyildi. Saxta dul hörümçəyin dişləməsi adətən olduqca ağrılıdır - arı sancması kimi və ya daha da ağrılıdır, - deyə o izah edib.
Mütəxəssislərin fikrincə, hörümçəklər aqressiv deyil və yalnız təhlükə yarandıqda - məsələn, dəriyə basıldıqda- dişləyirlər.
Buna görə də, sadəcə onlarla təmasdan qaçmaqla riski əhəmiyyətli dərəcədə azaltmaq olar.
Hörümçəklərin sayının artmasına baxmayaraq, mütəxəssislər vurğulayırlar ki, ildə hətta 100 xəstəxanaya yerləşdirmə bütün ölkə üçün nisbətən az rəqəmdir.
Nazlı Almuradova