Qlobal miqyasda baş verən texnoloji dəyişikliklər təhsil sisteminin bütün sahələrinə, o cümlədən incəsənət təhsilinə də ciddi təsir göstərir. Ənənəvi idarəetmə prinsipləri üzərində qurulan incəsənət təhsili artıq rəqəmsal texnologiyalarla zənginləşərək daha çevik, şəffaf və nəticəyönümlü idarəetmə modelinə transformasiya olunur. SİA-nın məlumatına görə, bu transformasiya yalnız tədris prosesini deyil, eyni zamanda idarəetmə, qiymətləndirmə, kommunikasiya və resursların planlaşdırılması kimi fundamental sahələri də əhatə edir.
Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən islahatlar təsadüfi deyil. Onlar ölkənin mədəni siyasətinin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən və Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritetləri ilə sıx şəkildə bağlıdır. Bu konsepsiya milli mədəniyyətin qorunması və inkişafı ilə yanaşı, onun idarə olunmasında müasir texnologiyaların tətbiqini, innovativ yanaşmaların genişləndirilməsini və rəqəmsallaşmanın sürətləndirilməsini əsas hədəflərdən biri kimi müəyyən edir.
Bu baxımdan Mədəniyyət Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri incəsənət təhsilində idarəetmənin müasirləşdirilməsi istiqamətində mühüm rol oynayır. Nazirlik bu sahədə innovativ həllərin tətbiqini genişləndirərək təhsil müəssisələrində şəffaflığın və operativliyin artırılmasını prioritet müəyyən edib. Eyni zamanda, Mədəniyyət Nazirliyinin koordinasiyası ilə həyata keçirilən layihələr “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının məqsədlərinə uyğun olaraq rəqəmsal transformasiyanın davamlı və sistemli şəkildə reallaşdırılmasına xidmət edir.
Qeyd edək ki, uzun illər ərzində incəsənət məktəblərində tətbiq olunan klassik idarəetmə üsulları müəyyən dövr üçün effektiv olsa da, müasir tələblər fonunda bir sıra çətinliklər yaradırdı. Kağız daşıyıcılar üzərində aparılan sənədləşmə, operativ nəzarət imkanlarının məhdudluğu, valideyn-məktəb əlaqələrinin zəif qurulması və hesabatlılıq mexanizmlərinin qeyri-dəqiqliyi idarəetmədə çevikliyin azalmasına səbəb olurdu. Rəqəmsal idarəetmə modelinin tətbiqi isə bu boşluqları sistemli şəkildə aradan qaldırmağa imkan yaradır. Bu model məlumat əsaslı qərarverməni təşviq edir, idarəetmədə operativliyi artırır və bütün iştirakçılar arasında əlaqələri gücləndirir. Beləliklə, incəsənət təhsili yalnız yaradıcı bacarıqların inkişaf etdirildiyi sahə olmaqdan çıxaraq, eyni zamanda müasir idarəetmə texnologiyalarının tətbiq olunduğu kompleks bir sistemə çevrilir.
Hazırda incəsənət təhsilində tətbiq olunan rəqəmsal həllər bir neçə əsas istiqamətdə mühüm rol oynayır. Pilot mərhələdə tətbiqinə başlanılmış elektron jurnal və elektron gündəlik sistemləri vasitəsilə tədris prosesinin gündəlik monitorinqi təmin edilir. Bu, müəllimlərin fəaliyyətinin izlənilməsinə, şagirdlərin davamiyyətinin və nailiyyətlərinin operativ şəkildə qeydə alınmasına imkan verəcək. Eyni zamanda, cari tədris ilinin məzunları üçün elektron şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu yenilik sənədləşmə prosesində şəffaflığın artırılmasına, insan faktorundan irəli gələn səhvlərin minimuma endirilməsinə və məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına xidmət edir. Rəqəmsal sənədlər həm də gələcəkdə digər dövlət informasiya sistemləri ilə inteqrasiya üçün geniş imkanlar yaradır.
Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri də müəllim və şagird fəaliyyətinin qiymətləndirilməsidir. Yeni model çərçivəsində şagirdlərin inkişaf dinamikası sistemli şəkildə izlənilir, onların nailiyyətləri təhlil olunur və fərdi təhsil trayektoriyaları müəyyən edilir. Bu yanaşma istedadların daha erkən mərhələdə aşkarlanmasına və məqsədyönlü şəkildə inkişaf etdirilməsinə şərait yaradır. Beləliklə, incəsənət təhsilində qiymətləndirmə artıq yalnız nəticəyə deyil, prosesə yönəlmiş olur. Bu isə təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, daha inklüziv və fərdiləşdirilmiş təhsil mühitinin formalaşmasına zəmin yaradır.
Rəqəmsal həllərin tətbiqi valideyn-məktəb münasibətlərinə də keyfiyyətcə yeni məzmun qazandırır. Valideynlər övladlarının dərs davamiyyətini, qiymətlərini və ümumi inkişaf göstəricilərini onlayn rejimdə izləmək imkanı əldə edir. Bu isə təhsil prosesində şəffaflığı artırmaqla yanaşı, valideynlərin daha fəal iştirakını təmin edir. Nəticə etibarilə, müəllim, şagird və valideyn münasibətləri daha sistemli və qarşılıqlı etimada əsaslanan model üzərində qurulur.
Rəqəmsal idarəetmə modeli kadr və resursların planlaşdırılması sahəsində də mühüm üstünlüklər yaradır. Müəllimlərin dərs yükünün optimal bölüşdürülməsi, ixtisas uyğunluğunun təmin edilməsi, siniflərin düzgün komplektləşdirilməsi kimi məsələlər artıq məlumat əsaslı şəkildə tənzimlənir. Bu yanaşma idarəetmədə subyektiv qərarların azalmasına, obyektiv və əsaslandırılmış qərarvermə mexanizmlərinin formalaşmasına gətirib çıxarır. Nəticədə həm tədris prosesi, həm də idarəetmə strukturu daha səmərəli fəaliyyət göstərir.
İncəsənət təhsilində baş verən bu dəyişikliklər daha geniş strateji çərçivənin – “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının tərkib hissəsidir. Bu sənəd milli mədəniyyət siyasətinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etməklə yanaşı, rəqəmsallaşmanı əsas prioritetlərdən biri kimi önə çəkir. Konsepsiyada mədəniyyətin idarə olunmasında innovativ texnologiyaların tətbiqi, rəqəmsal platformaların yaradılması, mədəni irsin qorunması və təbliği üçün yeni mexanizmlərin formalaşdırılması xüsusi yer tutur. Bu baxımdan incəsənət təhsilində tətbiq olunan rəqəmsal idarəetmə modeli yalnız lokal yenilik deyil, bütövlükdə ölkənin mədəni inkişaf strategiyasının mühüm komponentidir.
Bütün bu proseslər göstərir ki, incəsənət təhsili Azərbaycanda keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Rəqəmsal texnologiyaların tətbiqi idarəetmədə şəffaflığı artırır, tədrisin keyfiyyətini yüksəldir və bütün iştirakçılar üçün daha əlverişli mühit yaradır. Nəticə etibarilə, rəqəmsal idarəetmə modelinin tətbiqi incəsənət təhsilində müasir tələblərə cavab verən, innovativ, dayanıqlı və nəticəyönümlü sistemin formalaşmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının ruhuna uyğun olaraq, milli mədəniyyətin gələcək inkişafı üçün möhkəm zəmin yaradır və Azərbaycanın mədəni siyasətində yeni bir mərhələnin əsasını qoyur.