Son zamanlarda Azərbaycanda olduğu kimi digər ölkələrdə də evlilik yaşının artdığını görürük, hətta evlənmək istəyinin azaldığı da müşahidə olunur. Əslində, müasir dövrdə insanların ən böyük problemlərindən biri güvənsizlik və inamsızlıqdır. Həmçinin sosial mövqe və rifahın daha yüksək olması istəyi, yəni ailə qurmadan əvvəl daha çox pul qazanmaq, ev və maşın sahibi olmaq kimi maddi tələblər bu məsələni çox vaxt ikinci plana salır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə ailə dəstəyi olurdu ki, gənclər ailə qursun və biz onlara kömək edərik:
"Amma indi gənclər çox vaxt bu dəstəyi istəmirlər və düşünürlər ki, əvvəlcə tam müstəqil olsunlar, sosial mövqelərini özləri qazansınlar, ondan sonra ailə qursunlar. Bu isə təbii olaraq evlilik yaşını artırır. Bəzən müəyyən yaşdan sonra evlənmək istəyi azalır, bəzən isə maddi məsələlərə o qədər fokuslanırlar ki, artıq buna həvəs və motivasiya qalmır. Gec ailə qurmağın müəyyən mənfi tərəfləri də var. Bunlar əsasən bioloji və fiziki amillərlə bağlıdır. Gələcəkdə dünyaya gələn uşağın həm fiziki, həm də psixoloji sağlamlığına təsir edə bilər. Həmçinin valideynlərin yaşının çox olması uşağın psixologiyasında müəyyən narahatlıqlar, məsələn, valideynlərini itirmək qorxusu yarada bilər. Digər tərəfdən, daha gənc yaşda ailə quranların isə maddi çətinliklərlə üzləşmə ehtimalı daha yüksək olur.
Əgər insanlar müəyyən yaşa qədər maddi vəziyyətlərini sabitləşdiriblərsə və ya karyeralarında müəyyən irəliləyiş əldə ediblərsə, ailə qurmaq qərarını çox gecikdirməmələri daha məqsədəuyğundur. Amma burada əsas məsələ hər iki tərəfin istəyi və qarşılıqlı razılığıdır. Hər iki tərəfin motivasiyası olmalı və müəyyən arzularını qismən də olsa həyata keçirmiş olmaları vacibdir. Çünki son dövrlərdə tələsik verilən qərarlar boşanmalara səbəb ola bilir. Qarşılıqlı razılıq əsasında qurulan ailələr daha sağlam və davamlı olur. Evlənmə yaşının 30-dan yuxarı olması isə bu tendensiyanın getdikcə daha çox yayıldığını göstərir".