Toy, nişan və müxtəlif məclislərdə çıxış edən müğənnilərin qazancı bəzən kifayət qədər yüksək olur. Lakin bu gəlirlərin əksər hallarda nağd və qeyri-rəsmi şəkildə əldə olunması onların vergiyə necə cəlb edildiyi məsələsini gündəmə gətirir. Qanunvericiliyə görə, gəlir əldə edən hər kəs vergi ödəməlidir, amma bu sahədə şəffaflıq nə dərəcədə təmin olunur? Müğənnilərin toy və məclislərdən əldə etdiyi gəlir qanunla necə tənzimlənir?
Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, bu sahə ilə məşğul olmaq üçün vergi orqanlarından qeydiyyat keçib, VÖEN almalıdır:
"Qanunvericiliyinin tələbinə əsasən müqavilə bağlanmalı, həmin müqavilədə hansı şadlıq evində, hansı toyda iştirak ediləcəyi, neçə saat iştirak ediləcəyi və nə qədər qonorar alınacağı qeyd olunmalıdır. Bunlar qanunvericinin tələbidir.
Bu, əslində, həm vergidən yayınmanın qarşısını alacaq, vergi və sosial ödənişlərin həmin gəlir əsasında hesablanmasına imkan verəcək, eyni zamanda musiqiçinin sosial sığorta ödənişləri əsasında gələcəkdə onun pensiya təminatı üçün zəmin yaradacaqdır. Yəni, bu, onun sığorta ilə bağlı olaraq pensiyaya çıxması üçün təminatdır və gələcəkdə pensiyası da buna uyğun hesablanacaqdır. Dediyim kimi, bu, qanunvericinin tələbidir.
Amma reallıqda, təbii ki, biz bunun demək olar ki, heç bir nümunəsini görmürük. Nə şadlıq evlərinin özlərinin vətəndaşla yazılı müqaviləsi olur, nə də ki, musiqiçilər və müğənnilər belə müqavilələr bağlayırlar. Təbii ki, bunun nəticəsində həm qanunsuz sahibkarlıq fəaliyyəti yaranır, eyni zamanda müəyyən məbləğdən asılı olaraq az miqdar, xeyli miqdar və ya külli miqdarda vergidən yayınma halları baş verir.
Normalda götürdükdə burada həm inzibati xəta tərkibi, həm də cinayət tərkibi mövcuddur. Lakin hazırkı mərhələdə müəyyən şərtlər olsa da, aidiyyəti qurumlar bununla bağlı elə də ciddi tədbirlər görmürlər. Bu isə musiqiçilərdə müəyyən arxayınlıq yaradır".