"Bu, regionun iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır" - İQTİSADÇI AÇIQLADI

14 Aprel 2026 15:05 (UTC+04:00)

"Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana enerji məhsulların ixracatını həyata keçirir. Eyni zamanda Azərbaycanın üzərindən daşınan, Ermənistanın digər ölkələrlə əlaqəli bütün daşımaları ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, təbii ki, Azərbaycanın regionda sülhə töhfəsini və dəstəyini bir daha təsdiq edir:

"Təbii ki, Zəngəzur dəhlizindən istifadə edilməsi və kommunikasiyaların bərpası, öz növbəsində iqtisadi əlaqələrin genişlənməsi baxımından vacib məqamlardandır. Bu, regionda dayanıqlı sülhün formalaşmasına töhfə verəcək.

Bu kontekstdə Azərbaycan ilə Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə ümumilikdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu isə o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi illik olaraq təxminən 300 milyon dollar ətrafında dəyişə bilər. Bu rəqəmə həm Ermənistandan Azərbaycana idxal, həm də Azərbaycandan Ermənistana ixrac daxildir. Yəni söhbət idxal-ixrac əməliyyatlarından gedir.

Şübhəsiz ki, Zəngəzur dəhlizinin istifadəsi region üzrə daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu kontekstdə tranzit daşımalarından ölkələrin daha çox gəlir əldə etmə imkanları yaranır ki, bu da praktik olaraq həm dayanıqlı sülh, həm də regionun iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".