“Əmanətlərin sığortalanması və valyuta diversifikasiyası maliyyə sabitliyini gücləndirir” - EKSPERT DANIŞDI

14 Aprel 2026 14:29 (UTC+04:00)

“Əmanətlərin sığortalanması sistemi müasir bank sektorunda maliyyə sabitliyinin və əmanətlərin qorunmasının əsas mexanizmlərindən biri kimi çıxış edir. Azərbaycanda bu proses Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həyata keçirilir və fiziki şəxslərin bank əmanətləri müəyyən limit çərçivəsində dövlət təminatı ilə qorunur”.
SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.

“Hazırkı qaydalara əsasən, 100 min manatadək olan əmanətlər sığortalanır. Bu mexanizm vətəndaşların bank sisteminə olan etimadını gücləndirir və maliyyə risklərinin azaldılmasına xidmət edir:

”Beləliklə, banklarda yerləşdirilən vəsaitlər müəyyən hədd daxilində dövlət zəmanəti ilə təmin olunur.

Faiz dərəcələri baxımından isə milli valyutada yerləşdirilən əmanətlər üzrə illik gəlir daha yüksək olmaqla müəyyən hədd daxilində sığorta təminatına daxil edilir. Xarici valyutada (məsələn, ABŞ dolları və avro) yerləşdirilən əmanətlər üzrə isə faiz gəlirləri nisbətən aşağı səviyyədə olur.

Maliyyə risklərinin minimallaşdırılması məqsədilə vətəndaşların vəsaitlərini bir neçə bank arasında bölüşdürməsi effektiv strategiya kimi qiymətləndirilir. Bu yanaşma hər bir bank üzrə sığorta təminatından ayrı-ayrılıqda istifadə imkanı yaradır və potensial riskləri azaldır.

Digər mühüm faktor isə valyuta seçimi və investisiya portfelinin düzgün formalaşdırılmasıdır. Maliyyə sabitliyinin təmin edilməsi üçün vəsaitlərin yalnız bir valyutada deyil, müxtəlif valyutalar arasında bölüşdürülməsi daha məqsədəuyğun hesab olunur. Bu strategiya valyuta diversifikasiyası adlanır və qlobal maliyyə bazarlarında baş verən dəyişikliklərin təsirini azaldır.

Əmanətlərin sığortalanması mexanizmlərindən düzgün istifadə və valyuta diversifikasiyası vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu yanaşma həm fərdi maliyyə sabitliyini gücləndirir, həm də ümumi bank sisteminə olan etimadı artırır”.