"Torpaq sürüşmələri mahiyyət etibarilə qravitasiyanın təsiri ilə maili ərazidə torpağın və ya qaya kütlələrinin aşağıya doğru hərəkətidir. Əsas səbəblərə güclü yağıntılar, qar əriməsi, zəlzələlər, vulkanik fəaliyyətlər, yamacın dayanıqlığını pozan tikinti işləri, yol tikintisi, meşə yanğınları və bitki örtüyünün məhv olması daxildir".
Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, dağlıq və maili relyefə malik ərazilərdə daha çox müşahidə olunan bu hadisə yaşayış məntəqələri, yollar, kommunikasiya xətləri və kənd təsərrüfatı sahələri üçün ciddi risk yaradır: "İqlim dəyişikliklərinin təsiri ilə son illərdə torpaq sürüşməsi hallarının tezliyi və intensivliyi bir çox regionlarda artmışdır.
Torpaq sürüşməsi həm təbii, həm də antropogen (insan fəaliyyəti ilə bağlı) səbəblər nəticəsində baş verir. Təbii səbəblərə güclü və uzunmüddətli yağışlar daxildir ki, bu zaman torpaq su ilə doymuş olur və dayanıqlığını itirir. Qar əriməsi torpağın strukturunu zəiflədir, zəlzələlər isə yamacların sabitliyini pozur. Geoloji quruluşun xüsusiyyətləri, xüsusilə gil tərkibli və boş süxurların mövcudluğu sürüşməyə meyilliliyi artırır. Yeraltı suların səviyyəsinin qalxması da torpağın sürüşgənliyini gücləndirir.
Antropogen səbəblər isə əsasən yamaclarda aparılan tikinti işləri, meşələrin qırılması və bitki örtüyünün məhv edilməsi, yol çəkilişi zamanı torpağın düzgün bərkidilməməsi, suvarma sistemlərinin düzgün qurulmaması və torpaq qatının texniki qaydalara uyğun olmayan şəkildə qazılması ilə bağlıdır. Bu amillər torpağın təbii dayanıqlığını zəiflədir və sürüşmə riskini artırır.
Torpaq sürüşməsi yaşayış məntəqələrində ciddi sosial və iqtisadi problemlər yaradır. Sürüşmə zamanı evlərin dağılması və ya torpaq altında qalması insan həyatı üçün birbaşa təhlükə yaradır. Avtomobil yolları və körpülər sıradan çıxa bilər, qaz və su xətləri zədələnə bilər, elektrik və rabitə şəbəkələri isə dağıla bilər. Kənd təsərrüfatı torpaqlarının yararsız hala düşməsi, evlərin bərpası üçün yüksək maliyyə tələb olunması ciddi iqtisadi zərərlərə səbəb olur. Eyni zamanda bu proses ekoloji tarazlığın pozulmasına da gətirib çıxarır, belə ki, bitki örtüyünün məhv olması eroziyanı gücləndirir və biomüxtəlifliyə mənfi təsir göstərir.
Torpaq sürüşməsinin qarşısının alınması üçün kompleks yanaşma tələb olunur. Riskli ərazilərdə geoloji müşahidələr aparılmalı, torpaq hərəkətləri izlənməli və erkən xəbərdarlıq sistemləri qurulmalıdır. Yamacların möhkəmləndirilməsi üçün istinad divarlarının tikilməsi, drenaj sistemlərinin qurulması və yamacların terraslaşdırılması mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, yaşıllaşdırma tədbirləri həyata keçirilməlidir, çünki ağac və kol bitkilərinin əkilməsi torpağın bərkidilməsinə kömək edir və sürüşmə riskini azaldır. Tikinti qaydalarına ciddi riayət olunmalı, riskli zonalarda tikinti işləri məhdudlaşdırılmalı və mühəndis-geoloji ekspertiza aparılmalıdır.
Torpaq sürüşməsi risklərinin qiymətləndirilməsi bir neçə mərhələ üzrə həyata keçirilir. Ərazinin geoloji quruluşunun öyrənilməsi, yamacların meyillik dərəcəsinin təhlili, yeraltı və yerüstü suların təsirinin araşdırılması, əvvəlki sürüşmə hadisələrinin statistikası və iqlim, yağıntı göstəricilərinin analizi bu prosesə daxildir. Bu məlumatlar əsasında risk xəritələri hazırlanır və təhlükəli zonalar müəyyən edilir. Bu xəritələr şəhərsalma planlaşdırılmasında və təhlükəsizlik strategiyalarının hazırlanmasında mühüm rol oynayır.
Torpaq sürüşməsi ciddi təhlükə olmaqla yanaşı, düzgün planlaşdırma, mühəndis tədbirləri və ekoloji yanaşma vasitəsilə risklərin əhəmiyyətli dərəcədə azaldılması mümkündür. Erkən monitorinq sistemlərinin qurulması, yamacların qorunması və tikinti qaydalarına riayət olunması yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsində əsas şərtlərdən biridir. Bu sahədə dövlət qurumları ilə yanaşı, yerli icmaların da fəal iştirakı xüsusi əhəmiyyət daşıyır".