Qanada komanda avtobusuna silahlı hücum: 20 yaşlı futbolçu həyatını itirdi

14 Aprel 2026 14:05 (UTC+04:00)

Qana Futbol Federasiyası (GFA) Berekum Chelsea komandasının heyətinə silahlı hücum edildiyini və hücum nəticəsində 20 yaşlı futbolçu Dominic Frimpongun həyatını itirdiyini bildirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qana Premyer Liqasında çıxış edən Berekum Chelsea komandası səfərdən qayıdarkən silahlı quldurların hücumuna məruz qalıb. GFA-nın açıqlamasında bildirilir ki, hücum zamanı komandanın gənc oyunçularından Dominic Frimpong həyatını itirib.

Federasiya hadisənin aydınlaşdırılması üçün Qana Polisi və aidiyyəti qurumlarla daim əlaqədə olduğunu və istintaqın davam etdiyini qeyd edib. Həmçinin gələcəkdə belə hadisələrin qarşısını almaq üçün klubların səfər təhlükəsizliyinin artırılması məqsədilə tədbirlərin görüləcəyi bildirilib.