"ABŞ və İran arasında gərginlik son dövrlərdə daha da artmaqdadır. Müəyyən müddətli atəşkəs və ya gərginliyin azaldılması istiqamətində addımlar atılsa da, bu təşəbbüslər hələlik ciddi nəticə verməyib".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
_(1).jpg)
Onun sözlərinə görə, aprel ayının 21-i ətrafında da müəyyən diplomatik cəhdlər müşahidə olunsa da, prosesin uğurlu nəticələndiyini demək çətindir: "Hazırda ABŞ tərəfindən İrana qarşı təzyiq alətlərinin artırılması, o cümlədən iqtisadi və siyasi blokada tədbirlərinin genişləndirilməsi cəhdləri müşahidə olunur ki, bu da yeni münaqişə riskini daha da yüksəldir.
Eyni zamanda, ABŞ ilə Çin arasında da siyasi rəqabət və qarşıdurma dərinləşir və bu faktor regiondakı vəziyyətə əlavə gərginlik gətirir. Çinin İrana müəyyən mənada dəstək verməsi isə Tehranın mövqeyini daha sərt saxlamasına səbəb olur.
Digər tərəfdən, İran bu qarşıdurmada özünü geri çəkilən tərəf kimi görmür və mövqeyini güclü hesab edir. ABŞ isə xüsusilə nüvə proqramı məsələsində İranın güzəştə getməsini tələb edir. Donald Trump tərəfindən də bu istiqamətdə sərt bəyanatlar səsləndirilib.
Lakin tərəflərin hər birinin özünü haqlı və üstün mövqedə görməsi ortaq razılaşmanın əldə olunmasını çətinləşdirir. Bu səbəbdən yaxın perspektivdə gərginliyin azalmasından çox, davam etməsi ehtimalı daha yüksək qiymətləndirilir.
Eyni zamanda ABŞ-ın regionda hərbi qüvvələrini artırması və İrana qarşı təzyiqləri gücləndirməsi gələcəkdə hərbi toqquşma riskini də istisna etmir.
Hazırkı vəziyyət kifayət qədər həssas və böhranlıdır və əgər tərəflər arasında diplomatik razılaşma əldə olunmasa, bu gərginlik daha geniş miqyaslı qarşıdurmaya çevrilə bilər".