Energetika Nazirliyi I rübdə 4 minə yaxın müraciət qəbul edib

14 Aprel 2026 12:21 (UTC+04:00)

Bu ilin I rübündə Energetika Nazirliyinə və tabeli qurumlara ümumilikdə 3 859 vətəndaş müraciəti daxil olub.

SİA nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin 487-si məlumat, 3 372-si isə icra xarakterli olub.

Bunlardan 2 937-si müvafiq qaydada icra edilib, 435 müraciət isə icradadır.

Bildirilib ki, müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri 134 vətəndaşı qəbul edib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.