“Rusiya–Ukrayna müharibəsi qlobal gündəmdə arxa plana keçir” - POLİTOLOQ DANIŞDI

14 Aprel 2026 11:26 (UTC+04:00)

“Artıq bir neçə ildir davam edən Rusiya–Ukrayna müharibəsi fonunda ciddi və köklü dəyişikliklər müşahidə olunmasa da, qlobal sistemdə baş verən digər hadisələr bu münaqişənin beynəlxalq gündəmdə nisbətən arxa plana keçməsinə səbəb olmuşdur”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə, xüsusilə ABŞ ilə İran arasında artan gərginlik və ümumilikdə beynəlxalq münasibətlər sisteminin daha mürəkkəb mərhələyə daxil olması diqqətin qismən bu istiqamətlərə yönəlməsinə gətirib çıxarmışdır:

“Mövcud vəziyyətə nəzər saldıqda, Rusiyanın Ukrayna ərazilərində hərbi fəaliyyətini davam etdirdiyi və mümkün danışıqlar prosesində daha əlverişli mövqe əldə etmək üçün təsir imkanlarını genişləndirməyə çalışdığı müşahidə olunur. Digər tərəfdən, Avropa İttifaqı ölkələri Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı əsasən siyasi bəyanatlarla çıxış etsələr də, bu bəyanatları dəstəkləyən daha təsirli və praktik addımlar hələlik məhdud səviyyədə qalır.

Eyni zamanda, NATO çərçivəsində də müəyyən qeyri-müəyyənliklər diqqət çəkir. Xüsusilə ABŞ-nin Alyans daxilindəki rolu və bu rolda mümkün dəyişikliklərə dair müzakirələr qlobal gündəmin əsas mövzularından birinə çevrilmişdir. Belə bir ssenarinin reallaşması Ukraynaya göstərilən hərbi və siyasi dəstəyin zəifləməsi ehtimalını artırır ki, bu da müharibənin gedişinə birbaşa təsir göstərə bilər.

Digər mühüm məqam isə Donald Trump tərəfindən səsləndirilən bəyanatlarla bağlıdır. O, bir neçə ay əvvəl Rusiya və Ukrayna tərəflərinə müəyyən vaxt çərçivəsi – xüsusilə may ayına qədər – verildiyini və bu müddət ərzində danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunacağına ümid etdiyini bildirmişdi.

Yaxın aylarda, xüsusilə yay dövrünə qədər münaqişə ilə bağlı müəyyən taktiki irəliləyişlərin baş verməsi mümkündür. Lakin bu prosesin müharibənin tam başa çatması və ya danışıqların qəti uğurla nəticələnməsi kimi qiymətləndirilməsi doğru olmaz. Daha real görünən ssenari mərhələli dəyişikliklər və qlobal geosiyasi proseslərin təsiri altında formalaşacaq yeni güc balansıdır”.