Gucci-nin keçmiş baş direktoru Stefano Kantino həmsədr təyin edilib...

13 Aprel 2026 20:54 (UTC+04:00)

...SİA xəbər verir ki, Bloomberg-in məlumatına görə, İtaliya moda evi Dolce & Gabbana, həmtəsisçi Stefano Gabbana-nın idarə heyətinin sədri vəzifəsindən getməsindən sonra keçmiş Gucci baş direktoru Stefano Kantinonu həmsədr təyin edib. Kantino Alfonso Dolce (Dolce & Gabbana-nın həmtəsisçisi, şirkətin hazırkı baş direktoru və sədri Domeniko Dolce-nin qardaşı –A.B.) ilə birlikdə çalışacaq.

...Xatırladaq ki, 63 yaşlı Gabbana dekabr ayında istefa verib və Alfonso Dolce yanvar ayında sədr vəzifəsini icra etməyə başlayıb.

Şirkət bildirib ki, dəyişikliklər "təşkilati strukturun və idarəetmənin təbii təkamülünün" bir hissəsidir.

Gabbananın getməsi onun yaradıcı işinə təsir etməyəcək; o, moda evində səhmdar olaraq qalacaq. Kantinonun gəlişi Dolce & Gabbana-nın "moda brendindən həyat tərzi şirkətinə" çevrilməsinin nəticəsidir.

Qeyd edək ki, özəl şirkət olan Dolce & Gabbana, lüks mallar sənayesində uzun müddət davam edən böhran səbəbindən çətinlik çəkir.

Bu, şirkətin mənfəətinə mənfi təsir göstərib və borc öhdəliklərini yerinə yetirməyi çətinləşdirib.

Dolce & Gabbana-nın kreditorları moda evinin 450 milyon avroluq borcunu yenidən maliyyələşdirmək üçün 150 milyon avroya qədər vəsait tələb edirlər.

Şirkət vəsait toplamaq üçün daşınmaz əmlakını sata və lisenziyalarını yeniləyə bilər.

Nazlı Almuradova