"İş rejimi işəgötürənin sərbəst qərarı deyil" - VƏKİL DANIŞDI

13 Aprel 2026 16:51 (UTC+04:00)

"Müasir əmək bazarında fasiləsiz iş rejimi (növbəli və ya 24 saatlıq fəaliyyət) artıq istisna xarakter daşımır və bir sıra sahələr üçün zəruri təşkilati forma kimi çıxış edir. Lakin bu rejimin tətbiqi işəgötürənin sərbəst mülahizəsinə buraxılan məsələ olmayıb, əmək qanunvericiliyi ilə ciddi şəkildə tənzimlənir və heç bir halda işçilərin hüquq və təminatlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir".

Bunu SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi – yəni işin başlanma və bitmə vaxtı, fasilələrin müddəti, növbəlilik prinsipi, həftəlik iş günlərinin sayı və digər məsələlər – işəgötürənin daxili intizam qaydaları, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir: "Bu norma birbaşa olaraq onu təsbit edir ki, işəgötürən “fasiləsiz iş rejimi” adı altında qeyri-müəyyən, şəffaf olmayan və ya əvvəlcədən elan edilməmiş iş qrafiki tətbiq edə bilməz. Müvafiq rejim əvvəlcədən təsdiq edilməli, işçilərin diqqətinə çatdırılmalı və hamı üçün əlçatan olmalıdır.

Fasiləsiz iş rejiminin tətbiqində əsas hüquqi mexanizmlərdən biri iş vaxtının cəmlənmiş uçotudur (Maddə 96). Bu mexanizmə əsasən işəgötürən iş vaxtını ayrı-ayrı günlər üzrə fərqli qaydada bölüşdürə bilər. Lakin bu zaman əsas prinsip dəyişməz qalır: müəyyən edilmiş uçot dövrü ərzində işçinin işlədiyi ümumi saatların sayı qanunla nəzərdə tutulmuş normanı aşmamalıdır. Eyni zamanda, qanunvericiliyin tələbinə görə gündəlik iş müddəti (növbə) 12 saatdan artıq müəyyən edilə bilməz. Təcrübədə isə bu limitin formal şəkildə qorunmasına baxmayaraq, faktiki olaraq işçilərin sistemli şəkildə artıq işə cəlb olunması halları müşahidə edilir ki, bu da normanın məqsədinə ziddir.

Gecə vaxtı görülən işlərlə bağlı tənzimləmə daha sərt və sosial yönümlü xarakter daşıyır. Əmək Məcəlləsinin 97 və 98-ci maddələrinə əsasən gecə vaxtı 22:00-dan 06:00-dək olan müddət hesab edilir və bu dövrdə işə cəlbetmə müəyyən məhdudiyyətlərlə müşayiət olunur. Belə ki, azyaşlıların gecə işlərinə cəlb edilməsi qəti qadağandır, bəzi kateqoriyalara aid işçilərin (o cümlədən hamilə qadınların və azyaşlı uşağı olan valideynlərin) isə bu işlərə cəlb olunması yalnız onların yazılı razılığı əsasında mümkündür. Bu tələblər imperativ xarakter daşıyır və onların pozulması qanunvericiliyin kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Əmək münasibətlərində ən çox pozuntuya yol verilən sahələrdən biri də iş vaxtından artıq işlərlə bağlıdır. Əmək Məcəlləsinin 99 və 100-cü maddələrinə uyğun olaraq artıq işlər yalnız işçinin razılığı və işəgötürənin müvafiq əmri əsasında həyata keçirilə bilər. Bundan əlavə, belə işlər qanunla məhdudlaşdırılmışdır: iki gün ardıcıl olmaqla maksimum 4 saat (ağır və zərərli işlərdə isə 2 saat). Lakin praktikada “fasiləsiz iş rejimi” adı altında işçilərin mütəmadi olaraq artıq işə cəlb edilməsi və bu əməyin müvafiq qaydada ödənilməməsi halları geniş yayılmışdır ki, bu da açıq-aşkar hüquq pozuntusu hesab olunur.

Belə pozuntular hüquqi məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olur. Xüsusilə 198.1.5-ci bənddə göstərilir ki, normal əmək və istirahət rejiminə riayət edilməməsi, o cümlədən işçilərin qanunvericiliyin tələbləri pozulmaqla artıq işlərə cəlb edilməsi hüquq pozuntusu hesab edilir və bu halda vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunurlar.

Nəzarət mexanizmlərinə gəldikdə isə, əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirən əsas qurum Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Həmin qurum işəgötürənlər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlayır, daxil olmuş müraciətləri araşdırır və aşkar edilmiş pozuntularla bağlı inzibati tədbirlər görür.

Bununla yanaşı, praktik vəziyyət göstərir ki, bir çox hallarda işçilər iş yerlərini itirmək ehtimalından çəkinərək hüquqlarının pozulması ilə bağlı müvafiq orqanlara müraciət etməkdən yayınırlar. Bu isə əmək hüquqlarının real müdafiəsini çətinləşdirən əsas amillərdən biri kimi çıxış edir".

Ayşən Vəli