“İxtisasların “faydasız” olması ilə bağlı irəli sürülən yanaşma ilə razılaşmaq çətindir. Azərbaycanda ali təhsil müəssisələrində ixtisasların təsnifatı prosesi sistemli və çoxşaxəli şəkildə həyata keçirilir”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, bu prosesdə İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınır:
”Yekun ixtisas təsnifatı isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənir.
Beləliklə, ixtisasların müəyyənləşdirilməsi əmək bazarının real tələblərinə uyğun şəkildə formalaşdırılır. Son illərin təhlili göstərir ki, bəzi ixtisaslar ləğv edilir, eyni zamanda yeni ixtisaslar yaradılır ki, bu da əmək bazarının dinamik dəyişikliklərinə uyğunlaşmanın nəticəsidir.
Bu baxımdan hər hansı ixtisası “faydasız” adlandırmaq elmi və praktik baxımdan əsaslı deyil. Əsas meyar gənclərin seçdikləri ixtisasa marağı və həmin sahədə peşəkar inkişaf imkanlarıdır.
Müasir əmək bazarında bir fərdin ömür boyu yalnız bir ixtisas üzrə fəaliyyət göstərməsi modeli artıq aktual hesab edilmir. Elmi tədqiqatlar göstərir ki, fərdlər həyat boyu bir neçə dəfə peşə dəyişə və ya yeni sahələr üzrə ixtisaslaşa bilirlər.
Bu səbəbdən gənclərin təkcə ilkin ixtisas seçiminə deyil, həm də fasiləsiz təhsilə, yeni bilik və bacarıqların mənimsənilməsinə hazır olmaları vacibdir. Eyni zamanda, hər bir şəxs seçdiyi sahədə dərin ixtisaslaşma yolu ilə uğur qazana bilər.
Digər tərəfdən, müasir dövrdə rəqəmsallaşma, süni intellekt və multidissiplinar yanaşma tələb edən sahələr əmək bazarında daha geniş perspektivlər vəd edir.
Əsas müəyyənedici amil ixtisasın adı deyil, həmin sahədə peşəkarlıq səviyyəsi, davamlı inkişaf və dəyişən şərtlərə adaptasiya qabiliyyətidir. Bu prinsiplərin nəzərə alınması gənclərin karyera uğurunu daha da gücləndirə bilər”.