"Ətraf mühitin çirklənməsi birbaşa insan fəaliyyətinin nəticəsidir və bu prosesdə üç amil əsas rol oynayır. Antropogen, yəni insan fəaliyyəti nəticəsində yaranan çirklənmələrə sənaye tullantıları, nəqliyyat vasitələri və məişət faktorlarını aid etmək olar".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, ən ağır çirkləndiricilər sənaye tullantılarıdır: "Zavod və fabriklərin havaya buraxdığı toksik qazlar (kükürd və azot oksidləri) və su hövzələrinə axıdılan kimyəvi tullantılar ekosistemi kökündən zədələyir. Bu, həm torpağın münbitliyini azaldır, həm də içməli su mənbələrini sıradan çıxarır.
Şəhərlərdə havanın çirklənməsinin təxminən 70-80 faizi nəqliyyatın payına düşür. Daxili yanma mühərriklərindən çıxan dəm qazı və ağır metallar istixana effekti yaradaraq iqlim dəyişikliyini sürətləndirir. Azərbaycanda, xüsusilə Bakı və digər iri şəhərlərdə köhnə avtomobillər hava çirklənməsinin ən böyük mənbələrindən biridir.
Bunun bir neçə əsas səbəbi var. Texniki baxımdan köhnə nəsil avtomobillərin mühərrikləri yanacağı tam yandırmır, nəticədə atmosferə daha çox dəm qazı (CO) və azot oksidləri atılır. Bir çox köhnə avtomobildə zərərli qazları süzən katalizatorlar ya sıradan çıxır, ya da ümumiyyətlə sökülür. Bakıdakı nəqliyyat vasitələrinin sayının sürətlə artması və tıxaclar emissiya miqdarını daha da artırır.
Bu səbəbdən Bakı uzun müddət çirkli şəhərlər siyahısında yüksək yerlərdə olub. Şəhərdə avtomobil sayının çoxluğu da diqqət çəkir. Məsələn, bir ailədə dörd nəfər varsa və hər biri işləyirsə, hər kəsin ayrıca avtomobil istifadə etməsi şəhərdə nəqliyyat yükünü artırır. Bu hal ekoloji mədəniyyətin zəifliyini göstərən amillərdən biridir. Dövlət bu problemin həlli üçün utilizasiya proqramları və elektromobillərin idxalına vergi güzəştləri tətbiq etməyə başlayıb. Elektromobillərin istifadəsi də getdikcə artır.
Bundan başqa, məişətdə gündəlik istifadə olunan plastik əşyalar, polietilen torbalar və düzgün idarə olunmayan tullantılar torpağı illərlə zəhərləyir. Xüsusilə plastikin təbiətdə yüz illərlə parçalanmaması ən böyük problemlərdən biridir. Bu barədə aparılan araşdırmalara görə, plastik torbalar ötən əsrin 50-ci illərindən istifadə olunmağa başlayıb. Həmin dövrlərdə atılmış tullantıların bir qismi bu gün də zibilliklərdə qalmaqdadır.
Qısacası, ətraf mühitin çirklənməsində sənaye miqyaslı tullantılar, nəqliyyat emissiyaları və məişət tullantıları ayrı-ayrılıqda kritik rol oynayır. Sənaye daha çox kimyəvi zərər, nəqliyyat davamlı hava çirklənməsi, məişət tullantıları isə bioloji parçalanmayan materialların artması ilə fərqlənir.
İnsan fəaliyyəti ilə yanaşı, təbiətin özündə də çirklənmə prosesləri baş verir. Bunlar çox vaxt kortəbii və qarşısıalınmaz xarakter daşıyır. Məsələn, vulkan püskürmələri zamanı atmosferə küllü miqdarda toz, kül və kükürd qazı atılır ki, bu da havanı çirkləndirir və günəş şüalarının qarşısını kəsərək temperatur dəyişikliklərinə səbəb olur.
Meşə yanğınları da təbii səbəblərlə - ildırım çaxması və ya həddindən artıq istilər nəticəsində baş verə bilər. Bu zaman havaya böyük miqdarda dəm qazı, his və tüstü yayılır. Toz fırtınaları isə səhra və yarımsəhralardan qalxan qum və tozun minlərlə kilometr məsafəyə yayılması ilə hava keyfiyyətini pisləşdirir.
Sellər və daşqınlar da ətraf mühiti çirkləndirən təbii hadisələrdəndir. Su səviyyəsi qalxdıqda torpaq qatını yuyur, müxtəlif mineralları və çürümüş üzvi qalıqları su mənbələrinə qarışdırır. Xırdalan şəhərində leysan yağışlar zamanı kanalizasiya sularının içməli su sisteminə qarışması nəticəsində əhali bir neçə gün su problemi ilə üzləşmişdi.
Təbiət adətən bu cür çirklənmələri zamanla öz-özünə bərpa edə bilir, lakin insanın yaratdığı çirklənmə daha davamlı və təhlükəlidir. Bakıda müşahidə olunan toz fırtınaları və toz dumanı ekoloji vəziyyətə ciddi təsir göstərsə də, köhnə avtomobillərlə müqayisədə fərqli xarakter daşıyır.
Bakıda toz dumanı əsasən transsərhəd xarakterlidir. Şərq və cənub-şərq küləkləri toz kütlələrini Türkmənistan və ya Ərəbistan səhralarından ölkə ərazisinə gətirir. Fırtınalar zamanı havada tozun miqdarı bəzən normadan 2-4 dəfə, hətta daha çox artır. Bu isə tənəffüs və ürək-damar xəstəlikləri olan insanlar üçün ciddi risk yaradır.
Avtomobil emissiyalarından fərqli olaraq, toz fırtınaları müvəqqəti xarakter daşıyır və adətən 1-3 gün davam edir. Köhnə avtomobillər isə ilboyu fasiləsiz olaraq havanı çirkləndirir. Bu baxımdan ən ciddi çirkləndirici mənbələrdən biri köhnə avtomobillər hesab olunur".