“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər ölkəmizdə hüquqi bazanın daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrasına xidmət edir. Onun sözlərinə görə, layihə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan genişmiqyaslı hüquqi araşdırmaların nəticəsidir və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.
Dəyişikliklər ümumilikdə 190 fəaliyyət istiqamətini əhatə edir və xüsusilə işləyən qadınların əmək münasibətlərində hüquqlarının daha effektiv qorunmasına yönəlib: “Bu yeniliklər beynəlxalq hüquqi sənədlərin tələblərinə tam cavab verir və Azərbaycanın bu sahədə öhdəliklərinə uyğun şəkildə hazırlanıb”.
Azərbaycan BMT çərçivəsində qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq gender bərabərliyi istiqamətində mühüm addımlar atıb. Bu məqsədlərin həyata keçirilməsi üçün milli səviyyədə koordinasiya mexanizmləri yaradılıb və müxtəlif dövlət proqramları həmin hədəflərlə uzlaşdırılıb.
Dünya Bankı tərəfindən dərc edilən “Qadınlar, biznes və hüquq” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ölkədə aparılan islahatların nəticəsidir. Onun sözlərinə görə, son illərdə ölkənin göstəricisinin yüksəlməsi gələcəkdə daha böyük irəliləyişlər üçün əsas yaradır.
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi, əməkhaqqı bərabərliyinin təmin edilməsi və ailə-məşğulluq balansının qorunması istiqamətində əlavə addımların atılması vacib olaraq qalır. “Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi yalnız qanunvericilikdə deyil, praktikada da tam şəkildə təmin olunmalıdır”, deyə o vurğulayıb.
Yeni dəyişikliklərin tətbiqinə nəzarət mexanizmləri gücləndirilməli, əməyin obyektiv qiymətləndirilməsi sistemi təkmilləşdirilməlidir. Bu, həm dövlət, həm də özəl sektorda şəffaflığın artırılmasına xidmət edəcək.
Gender sahəsində qanunvericiliyin daha da inkişaf etdirilməsi üçün “gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsinin və “xüsusi tədbirlər” anlayışının daha konkret tənzimlənməsinin vacibliyi qeyd edilib. Bu addımlar qəbul ediləcək qərarların daha əsaslandırılmış və effektiv olmasına imkan yaradacaq”.