10 aprel 2026-cı il tarixdə YAP Qaradağ rayon təşkilatının aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tədbirlərinə hazırlıq işləri müzakirə olunub.
Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrininmüavini Faiq Qurbanov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Elçin Abbasov, Qaradağ rayon Gənclər Evinin direktoru Leyla Məmmədova, “Kainat” Təhsil Mərkəzinin filial rəhbəri Məlahət Budaqova,"Neftçi İdman Klubu" İctimai BirliyininQaradağ təlim idman bazasınınbaş meneceri Qalib Baxşiyev, 11 saylı Uşaq Gənclər İdman Məktəbinin direktor müavini Gündüz Əliyev, Qaradağ rayonunda yerləşən tam orta məktəblərin və peşə təhsili mərkəzlərinin direktorları iştirak ediblər.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatı sədrininmüavini Faiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar rəhbərlik etdiyi rayon təşkilatının Bakı şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektoru ilə birlikdə təşkil ediləcək ümumrayon tədbirləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi, dövlətçiliyimizin bərpası və möhkəmlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər, göstərdiyi əvəzolunmaz xidmət xalqımızın qəlbində daim yaşayacaqdır. Qaradağ rayonunda ilk dəfə təşkil edilən belə müzakirənin əhəmiyyətini vurğulayan sədr müavini hamını fəal iştiraka, rəy və təkliflərini bildirməyə çağırıb.
Bakı şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Elçin Abbasov, “Kainat” Təhsil Mərkəzinin filial rəhbəri Məlahət Budaqova, Gənclər Evinin direktoru Leyla Məmmədova təşkil ediləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Mövzu ilə əlaqədar müzakirələrdə çıxış edən "Neftçi İdman Klubu" İctimai BirliyininQaradağ təlim idman bazasınınbaş meneceri Qalib Baxşiyev, məktəb direktorları Nəriman Mürsəliyev, Səkinə Rzayeva,Nail Bayramov, Aynur Abdullayeva və digərləri təşkil edilən müşavirənin əhəmiyyətini yüksək qiymətləndirərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin həyatının və dövlətçilik fəaliyyətinin gənc nəslə çatdırılması, onun irsinin dərindən öyrənilməsi, müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında oynadığı rolun təbliği üçün böyük imkan yaratdığını xüsusi vurğulayıblar. Qeyd olunub ki, ildönümü ilə əlaqədar təşkil ediləcək idman tədbirlərinin, həmçinin intellektual yarışların yüksək səviyyədə təşkili üçün lazım olan bütün addımlar atılacaq, hər cür dəstək göstəriləcəkdir. Müzakirələr zamanı tədbirlərin təşkili ilə bağlı bir sıra rəy və təkliflər də bildirilib.
Tədbir zamanı bir neçə məktəb direktoruna rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və doğum günü ilə əlaqədar Fəxri Fərman təqdim edilib, çay süfrəsi açılıb və ərazi partiya təşkilatlarında partiya işinin daha da canlandırılması istiqamətində səmimi fikir mübadiləsi aparılıb.
SİA