Bakı və Berlin arasında siyasi məsləhətləşmələr keçirilib

10 Aprel 2026 22:27 (UTC+04:00)

Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. XİN-dən SİA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə bu ölkə XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Niklas Vaqner rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, davamlı siyasi dialoqun saxlanılması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə məlumat təqdim edilib. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mətləb