Aprelin 10-da Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransın rəsmi açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, konfransın əsas məqsədi təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlərin və təcrübənin paylaşılması, eləcə də aktual məsələlər üzrə müzakirələrin aparılması olub. Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, həmçinin müxtəlif beynəlxalq təşkilatlardan 200-dən artıq nümayəndə iştirak edib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra DİM-in 10 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, ötən 10 il milyonlarla vətəndaşın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişaf mərhələsidir. O qeyd edib ki, qiymətləndirmə sisteminin əsası daha əvvəl – ölkədə subyektiv qərarlar əvəzinə biliklərə əsaslanan yanaşmanın seçildiyi dövrdə qoyulub. Bu strategiyanın Ulu Öndər tərəfindən formalaşdırıldığını və bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sədr həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva-nın təhsilin inkişafına verdiyi töhfələri xüsusi qeyd edib və onun təşəbbüslərinin qiymətləndirmə sisteminin humanist və ədalətli şəkildə formalaşmasına töhfə verdiyini bildirib.
M.Abbaszadə əlavə edib ki, son 10 ildə imtahan proseslərindən 6 milyondan çox insan keçib və bu göstərici bütöv bir nəslin həyat trayektoriyasını əks etdirir. Onun sözlərinə görə, DİM artıq yalnız qəbul mexanizmi deyil, həm də ədalət infrastrukturunun mühüm elementi kimi çıxış edir. O, “Holistic Assessment” yanaşması çərçivəsində koqnitiv bacarıqlar, sosial kompetensiyalar və emosional zəkanın qiymətləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən də bəhs edib.
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev konfransın əhəmiyyətini vurğulayaraq qiymətləndirmə sistemlərinin təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.
Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə (ÖSYM) Mərkəzinin prezidenti Bayram Ali Ersoy çıxışında bu görüşün yalnız yubiley tədbiri deyil, eyni zamanda ortaq keçmiş və gələcəyi paylaşan qurumların platforması olduğunu bildirib. O, DİM-in qısa müddətdə regional nüfuz qazandığını və şəffaflıq, etibarlılıq prinsiplərinin mühüm nümunə olduğunu vurğulayıb.
Konfrans çərçivəsində müxtəlif beynəlxalq təşkilatların nümayəndələri də çıxış edərək tədbirin peşəkar təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd ediblər. ABŞ-ın Kolumbiya Universitetindən Amra Sabik-El Rayessin süni intellekt dövründə qiymətləndirmə sistemlərinin qorunmalı olduğu dəyərlərlə bağlı videomüraciəti təqdim olunub.
Tədbir zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Protokolu imzalanıb.
Konfrans çərçivəsində Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa əsas məruzə ilə çıxış edərək süni intellekt dövründə qiymətləndirmə savadlılığının əhəmiyyətindən danışıb.
Tədbir panel müzakirələrlə davam edib. Müzakirələrdə müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu, rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.