"Hazırda Azərbaycana yaxın bir sıra regionlarda münaqişələr və silahlı qarşıdurmalar davam etməkdədir. Bu vəziyyət həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır".
Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.
.jpg)
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi uzun müddətdir davam edir, lakin hələ də münaqişənin yekun həlli görünmür: "Bu müharibə nəticəsində böyük dağıntılar baş verir, hər gün minlərlə insan həyatını itirir, iqtisadiyyat və infrastruktur ciddi zərər görür. Buna baxmayaraq, münaqişənin yaxın perspektivdə bitəcəyi ilə bağlı aydın nəticə mövcud deyil.
Digər tərəfdən, İran, Amerika Birləşmiş Ştatları və İsrail arasında mövcud gərginlik və qarşıdurmalar da regionda təhlükəsizlik risklərini artırır. Atəşkəs təşəbbüsləri olsa da, davamlı və uzunmüddətli sülhün əldə olunması ilə bağlı hələlik aydın perspektiv görünmür.
Ümumilikdə, qeyd olunan münaqişələrin heç birində yekun siyasi və ya hərbi həllə nail olunmayıb və onların nə vaxt, hansı formada başa çatacağı da dəqiq proqnozlaşdırılmır.
Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalına son qoymuş, kapitulyasiya aktının imzalanmasına nail olmuşdur. Bu gün Azərbaycan regionda qalib dövlət kimi çıxış edir.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən tətbiq edilən müasir döyüş taktikası və metodları bir çox ölkələr üçün nümunə kimi qiymətləndirilir və müxtəlif hərbi təhsil müəssisələrində öyrənilir.
Bu qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsi, Azərbaycan Ordusunun peşəkarlığı və xalq-ordu birliyi mühüm rol oynamışdır.
Qeyd etmək lazımdır ki, bu müharibə beynəlxalq hüquq baxımından ədalətli müharibə prinsiplərinə uyğun aparılmışdır. Müharibə dövründə Azərbaycan mülki obyektləri hədəf almamış, antiterror əməliyyatları zamanı isə mülki əhali təhlükə altına düşməmişdir".