“Qızılın qiymət dinamikasına nəzər yetirildikdə, neftin 60–65 dollar səviyyəsində olduğu dövrlərdə belə qızılın ümumi bahalaşma tendensiyasını saxladığı müşahidə olunur və son illərdə bu göstərici rekord səviyyələrə yüksəlmişdir. Bu proses qlobal maliyyə bazarlarında formalaşan makroiqtisadi amillərlə sıx şəkildə bağlıdır”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, İran və ABŞ arasında mövcud geosiyasi gərginliyin, xüsusilə mümkün hərbi eskalasiya və Hörmüz boğazı ətrafında yaranan risklərin davam etməsi, investorların riskdən yayınma davranışını gücləndirərək qızıla yönəlməni artırır. Belə şəraitdə qızılın “təhlükəsiz liman” funksiyası daha da aktuallaşır.
Eyni zamanda, neft qiymətlərində artım qlobal inflyasiya təzyiqlərini gücləndirir, bu isə yalnız enerji daşıyıcılarının deyil, ümumilikdə əmtəə və xidmətlərin qiymət səviyyəsinə təsir göstərir. Nəticə etibarilə, inflyasiya və qeyri-müəyyənlik şəraiti qızılın investisiya cəlbediciliyini yüksəldir.
Ümumilikdə, geosiyasi gərginliklərin və iqtisadi qeyri-sabitliyin davam etməsi qızıl bazarında qiymət artımı tendensiyasını gücləndirir və investor davranışlarının formalaşmasında həlledici rol oynayır”.