"Bahalaşma fonunda müşahidə olunan əsas məsələlərdən biri ərzaq məhsulları arasında ət və ət məhsullarının yüksək qiymətidir. Bu məhsullar mətbəximizin və insanların gündəlik qida rasionunun əsas hissəsini təşkil edir və adətən ən çox istehlak edilən ərzaqlar sırasında yer alır".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
.jpg)
Onun sözlərinə görə, ümumilikdə bahalaşma şəraitində bir çox ölkələrdə insanlar ət məhsullarını daha ucuz alternativlərlə, xüsusilə toyuq və digər quş əti məhsulları ilə əvəz etməyə meyilli olurlar. Lakin bizim ölkədə müşahidə edilən mənzərə bir qədər fərqlidir. Belə ki, qiymət artımlarına baxmayaraq, ət və ət məhsullarına tələbat azalmır, əksinə, sabit və yüksək səviyyədə qalır.
Digər tərəfdən, yağ məhsullarında da müəyyən dəyişikliklər müşahidə olunur: "Belə ki, insanlar daha çox ucuz bitki yağlarına üstünlük verməyə başlayır və bahalı məhsulları əvəzləyici variantlarla dəyişirlər.
Eyni tendensiya çərəz məhsullarında da görünür. Məsələn, qoz, fındıq və badam kimi məhsulların daha bahalı, qablaşdırılmış formaları əvəzinə, insanlar daha çox açıq və çəki ilə satılan məhsullara üstünlük verirlər.
Kolbasa və sosiska məhsullarında da oxşar vəziyyət müşahidə olunur. İnsanlar daha ucuz məhsulları seçməyə meyilli olsalar da, bu seçim bəzən sağlamlıq baxımından risklər yaradır. Məlum olduğu kimi, bu cür məhsulların mütəmadi istehlakı insan sağlamlığına mənfi təsir göstərə bilər. Buna baxmayaraq, bəzi hallarda insanlar qənaət məqsədilə bu məhsullara üstünlük verir və nəticədə sağlamlıqlarını risk altına atmış olurlar.
Süd və süd məhsullarında da qiymət həssaslığı müşahidə olunur və bu sahədə istehlak davranışlarında müəyyən dəyişikliklər baş verir.
Süd və süd məhsullarına nəzər saldıqda görürük ki, bu gün mağazalarda müxtəlif şirkətlər tərəfindən istehsal olunan qaymaq, şor və digər süd məhsulları geniş şəkildə satışdadır. Bu məhsulların bir hissəsi sənaye üsulu ilə hazırlanır və uzunmüddətli saxlanma üçün müəyyən texnoloji emaldan keçirilir. Lakin istehlakçılar istədikləri halda təbii süddən istifadə etməklə daha sadə və əlavə qatqısız məhsullar da əldə edə bilərlər. Bu isə həm daha təbii, həm də daha sağlam seçim hesab olunur.
Bahalaşma fonunda insanlar bəzi hallarda bu cür alternativ məhsullara üstünlük versələr də, ümumi istehlak davranışlarında ciddi dəyişiklik müşahidə olunmur. Xüsusilə ət və ət məhsullarına olan münasibət dəyişmir.
Bu, bir tərəfdən milli mətbəximizin zənginliyi, digər tərəfdən isə ət yeməklərinin gündəlik qida rasionumuzda xüsusi yer tutması ilə bağlıdır. Azərbaycan mətbəxi tarixən ət xörəkləri ilə zəngin olmuş və bu ənənə bu gün də davam etməkdədir.
Bu səbəbdən ət və ət məhsulları cəmiyyətin bütün təbəqələrində - istər orta gəlirli, istərsə də daha yüksək gəlirli ailələrdə - süfrənin ayrılmaz hissəsi olaraq qalır".