Azərbaycanda istilik təchizatı şəbəkələri üzrə yeni tələblər təsdiqlənib

10 Aprel 2026 13:32 (UTC+04:00)

Nazirlər Kabineti "İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"i təsdiq edilib.

SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Tələblər "İstilik təchizatı haqqında" qanuna əsasən hazırlanıb.

Şəbəkənin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkə ətrafında mühafizə zonaları müəyyənləşdirilir.

Şəbəkənin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və istismarı Qanunun tələbləri nəzərə alınmaqla "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna, Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Şəbəkənin mühafizəsi paylayıcı tərəfindən həyata keçirilir.

Tələblər qüvvəyə minənədək ərazisində şəbəkələr yerləşən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Şəbəkələrin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri Tələblərə əməl etməlidirlər.

Şəbəkənin tikintisi, genişləndirilməsi və istismarı, həmçinin mühafizə zonasının yaradılması məqsədilə ayrılan torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir.

Hüquqi və fiziki şəxslər onlara məxsus ərazidən keçən şəbəkənin toxunulmazlığını, istismarı və təmir-bərpa işlərinin aparılması ilə bağlı şəraitin yaradılmasını təmin etməlidirlər.

Tələblərdə istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir.